“Azərbaycan milli komandasına yerli məşqçi lazımdır. Yerli məşqçi futbolumuzu dərindən bilir, oyunçuları yaxşı tanıyır və daha həvəsli olur. Xarici məşqçi komandada ailə münasibəti formalaşdıra bilmir. SSRİ dövründə də yerli məşqçilər uğur gətirirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında qocaman futbol mütəxəssisi Ağasəlim Mircavadov futbol üzrə Azərbaycan milli komandasının son məğlubiyyətlərindən danışarkən deyib.
O bildirib ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır:
“Onları toparlayıb bir komanda vəziyyətinə gətirmək hələ alınmır. Bu, baş məşqçinin səlahiyyətindədir. Komanda səviyyəsində yaxşı oyun aparılmır. Azərbaycanın futbol millisində hələ intizamsızlıq var. Baş məşqçi klub məşqçisi ilə toplantı etməli və öz fəlsəfəsini bildirməli idi. Mən “Neftçi” klubunun baş məşqçisi olanda biz belə işləyirdik. Oyunçuları hansı istiqamətdə inkişaf etdirməyi müzakirə edirdik.
Milli komandada cavanlaşma siyasəti aparırlar. Halbuki əsas olan bu deyil. Futbolçular yığmaya klubdan hazır gəlməlidir. Futbolçu klubda oynayıb peşəkarlaşmalıdır. Fernandu Santuş Portuqaliya millisi ilə çalışanda onun oyunçuları Avropanın top klublarında oynayırdılar”.
Ağasəlim Mircavadov deyib ki, Azərbaycanda məhəllə futbolunu bərpa etmək lazımdır:
“Azərbaycan futbolunda ən böyük faciə məşq meydançalarının olmamasıdır. Bölgələrdə vəziyyət lap pisdir. Doğrudur, üstü bağlı pullu meydançalar var. Saatı 60-80 manatdır. Hər valideyn imkanlı deyil ki, uşağını ayda 3-4 dəfə belə meydançalara oyuna göndərsin. Uşaq futbolu küçədə oynamalıdır”.
Qeyd edək ki, Fernandu Santuşun çalışdırdığı Azərbaycan milli komandası dünən Bakıda Belarusla üz-üzə gəlib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşü olub. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.