Xəbər verdiyimiz kimi, son bir ildə "Techmaster" MMC Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi 4 tenderin qalibi olub.
Bakıvaxtı.az xəbər verib ki, şirkət BNA-nın bu ilin oktyabr ayında 2 790,6 min manat, ötən ilin martında 4,5 milyonluq, iyununda 1,8 milyonluq, avqustunda 2,1 milyonluq tenderlərini qazanıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin milyonluq tenderlərin necə qalibi olub?
BNA-dan Bakıvaxtı.az-ın informasiya sorğusuna verilən cavabda bildirilib ki, bu qurum elan edilmiş “Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış sahə avadanlıqlarının, onlara aid köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək üçün texniki dəstək xidmətlərinin satın alınması” elektron tender üsulunun tətbiq olunması yolu ilə həyata keçirilib.
“Sözü gedən elektron tenderin bütün şərtləri “Dövlət satınalmaları haqqında” qanununun tələbləri əsasında təşkil edilib, iddiaçılar tərəfindən təqdim edilən təkliflərdən daha sərfəli və iqtisadi baxımdan daha səmərəli “Techmaster” MMC-nin təklifi olduğundan elektron sistem üzərindən elektron qaydada həmin təklif qalib olaraq müəyyən edilib.
Hazırkı mərhələdə qeyd edilən müsabiqənin yekun protokolu İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilib, yekun protokol qeydə alındıqdan sonra müqavilə bağlanılması nəzərdə tutulur.
Bildiririk ki, sözü gedən predmet üzrə icra ediləcək işlər kifayət qədər çoxluq təşkil edir ki, bu da qiymət təklifləri verilərkən birbaşa özünü göstərir”, - deyə BNA-dan bildirilib.
Ramid İbrahimov




jpg-1637936483.webp)











