• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BNA-nın yazdığı cərimələri bu zaman alqışlayaram ki... - AÇIQLAMA

CƏMİYYƏT

29 Oktyabr 2021 | 17:38

BNA-nın yazdığı cərimələri bu zaman alqışlayaram ki... - AÇIQLAMA

Təəssüf ki, son günlər tez-tez taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların qəza törətdiyini eşidirik. Bir çoxları qəzalara səbəb kimi taksi sürücülərinin durmadan işləyib yorulduğunu görür. Bir çoxları da Bakı Nəqliyyat Agentliyi yaxşı nəzarət etmədiyi üçün bu qəzaların baç verdiyini düşünür.

Bəs qəzaların əsl səbəbi nədir?

Mövzu ilə bağlı avto-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakıvaxtı.az-a danışıb:

"Son günlər Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların qəzaya düşməsi və qəza şəraiti yaratması halları artıb. Lakin bir məsələ də var ki, bu yalnız taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlarımıza aid deyil. Ümumilikdə, Azərbaycanda belə qəzaların sayı artır. Çox təəssüf ki, belə qəzalar zamanı ağır xəsarət alanlarla yanaşı həlak olan vətəndaşlarımız da olur. İlk növbədə, bu qəzaların səbəbini cəmiyyətdə müxtəlif cür yoza bilərlər. Kimlərsə deyir ki, taksi sürücüləri durmadan işlədiyi üçün belə qəzalar baş verir. Kimlərsə də başqa səbəblər misal çəkə bilər. Mən də avto-nəqliyyat üzrə ekspert kimi fikrimi bildirim ki, Azərbaycanda bu cür qəzaların olması mənim üçün heç də təəccüblü deyil. Bu gün Azərbaycanda yol infrastrukturu elə bərbat vəziyyətdədir ki, qəzaların hər saat baş vermədiyinə təəccüblənmək lazımdır. Azərbaycanda yollar sadəcə çəkilir, infrastrukturu qurulmur. Yollar işıqlandırılmır, yol nişanları quraşdırılmır, yeni çəkilən yollarda bir ay sonra çuxurlar yaranır. Həmçinin, yollar vaxtı vaxtında xətlənmir, piyada keçidləri qaranlıqdır. Əlbəttə ki, belə olan halda bu qəzaların sayı azalmaq əvəzinə artacaq.

O ki qaldı taksi sürücülərinin bəzi sürücülər tərəfindən istismar edilməsinə, bu iddialara şübhə ilə yanaşıram. Mənim üçün bu inandırıcı gəlmir, çünki bu gün azad bazar iqtisadiyyatıdır, kimsə kimisə məcbur çalışdıra bilməz. Xüsusən də, bu gün Azərbaycanda özü-özünə cəmiyyət tərəfindən təklif əsasında yaranmış bir taksi xidməti xidmət sahəsi kimi olduqca liberaldır. Həm bu xidmətdən istifadə edən sərnişinlər, həm də sürücülər üçün əlverişli sahədir. Sadəcə bəzən bəzi taksi xidməti operatorları sürücülərdən daha çox faiz tələb edirlər. Hətta bu 15-20% civarına gəlib çıxır. Düşünürəm ki, bu yüksək faizdir. Taksi sürücülərinin rifahının yüksəlməsi, onların daha rentabelli işinin olması üçün taksi operatorlarından tələb etməliyik ki, sürücülərdən alınan faizlər azaldılsın. Çünki biz diqqət yetiririk ki, müxtəlif beynəlxalq taksi şirkətləri Azərbaycanda sürücülərdən 15-20% komissiya alır, amma başqa ölkələrdə 8-12% faiz civarında komissiya alırlar. Düşünürəm ki, bu da ayrıseçkilikdir, son qoyulmalıdır. Bu tələb mütləq həmin taksi operatorları qarşısına qoyulmalıdır. Lakin, bu, heç bir halda taksi xidmətinin qiymətlərinin yüksəldilməsinə gətirib çıxarmamalıdır. Əgər belə hal baş verərsə, bu zaman həmin taksi operatorlarının Azərbaycandakı fəaliyyəti dayana bilər. Əlbəttə ki, bu da mümkündür. Cəmiyyətin tələbi ilə müvafiq qurumlar həm onların lisenziyasını ləğv edə bilər, həm də, ümumiyyətlə, Azərbaycanda fəaliyyətlərinə qadağa qoyula bilər.

Mən Bakı Nəqliyyat Agentliyi haqqında bir ekspert kimi subyektiv fikir bildirməyəcəyəm, obyektiv yanaşacağam. Ancaq onu deyə bilərəm ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyatın tənzimlənməsinə cavabdeh olan qurumlardan biridir. Yəni o da müəyyən məsuliyyət daşıyır. Xüsusən də, Bakı şəhərində ictimai nəqliyyatın, taksi dayanacaqlarının olması, park yerlərinin təşkil edilməsi, həm piyadalar, həm də sürücülərin rahat hərəkət etməsində birbaşa cavabdeh qurumdur. Biz başa düşürük ki, bu gün Bakı şəhərində müəyyən işləri görmək, hərəkəti tənzimləmək olduqca çətindir. Bakı çoxmilyonlu paytaxt, sanaye şəhəridir. Lakin müəyyən işlər görülə bilər. Ən azından BNA Bakıdakı qarışıq hərəkətin nizamlanması istiqamətində real addım atmaq istəyirsə, mən Bakıvaxtı.az saytı vasitəsilə Bakı Nəqliyyat Agentliyinə təklif edirəm ki, Bakı şəhərindəki 15 min parklama yerlərinin ünvanları ictimaiyyətə açıqlansın. Bakı şəhəri üzrə dövlətin balansında olan və hal hazırda Bakı Nəqliyyat Agentliyinin balansında olan bütün parklama yerlərinin ünvanları, xəritələri ictimaiyyətə açıqlansın. Hər kəs bilsin ki, avtomabili harda saxlamaq olar. Bu zaman mən BNA-nın dayanma-durmaya görə yazdığı cərimələri alqışlayaram. Deyərəm ki, afərin, düz edirlər. Çünki parklama yeri olduğu halda vətəndaş gedib avtomobili yolun ortasında saxlayıb. Bu gün biz parklama yerlərini sürücülərdən gizlətmişik. Yəni sürücülər parklama yerlərinin harda olduğunu bilmir və onları dayanma-durmaya görə cərimə edir.Bu nə dərəcədə əsaslıdır?! Ümumiyyətlə, Bakı şəhərindəki dayanma-durmaya görə edilən cərimələrin üçdə biri qanunsuz və əsassısdır. Onların bir hissəsi əsası olmayan cərimələrdir. Ona görə də, biz BNA-ya təklif edirik ki, Bakı şəhərində olan bütün parklama yerlərinin ünvan və xəritələri rayonbarayon ictimaiyyətə açıqlansın. Bu, tək mənim istəyim deyil, cəmiyyət bilmək istəyir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026