• Bakı 10° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Braziliyada qəribə heyvan izləri tapıldı

CƏMİYYƏT

06 Mart 2026 | 08:08

Braziliyada qəribə heyvan izləri tapıldı

Paleontoloqlar Braziliyada təxminən 275 milyon il əvvəl yaşamış və indiyədək məlum olmayan qədim heyvana aid çənə aşkar ediblər. Dişlərin qeyri-adi forması göstərir ki, bu canlı bitkiləri çeynəməyə uyğunlaşmış ilk onurğalılardan biri ola bilər. 

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.

Qalıqlar Amazon yaxınlığındakı meşəlik ərazidə, qurumuş çay yatağında tapılıb. Tədqiqatlar zamanı alimlər təxminən 15 santimetr uzunluğunda doqquz oxşar çənə sümüyü aşkar ediblər. Skeletin digər hissələri hələ tapılmayıb, lakin təkcə çənələr alimlər üçün kifayət qədər məlumat verib.

Yeni heyvan növünə “Tanyka amnicola” adı verilib. “Tanyka” sözü quarani xalqının dilində çənə, “amnicola” isə latınca çay kənarında yaşayan deməkdir.

Tədqiqatın aparıcı müəllifi, Çikaqo Sahə Muzeyinin əməkdaşı Ceyson Pardo bildirib ki, çənənin quruluşu çox qeyri-adidir. Çənə bir qədər burulmuş formada olub, buna görə dişlər yuxarıya yox, yanlara doğru yönəlib. Bundan başqa, çənənin daxili səthi çoxlu xırda dişciklərlə — dentikullarla örtülüb.

“Bu qəribə çənə burulması bizi uzun müddət çaşdırdı. Hətta qalıqların deformasiyaya uğradığını düşünürdük. Biz doqquz çənə aşkarladıq və onların hamısı eyni formadadır, nümunələr çox yaxşı da qorunublar. Deməli, heyvanın çənəsinin quruluşu anadangəlmə belə olub”, — deyə Pardo bildirib.

Bu xırda dişlər sürtgəcə bənzər bir səth yaradırdı. Alimlər hesab edirlər ki, üst çənə də oxşar quruluşa malik olub və dişlər bir-birinə sürtülərək qidanı xırdalayırdı. Belə quruluş bitkilərlə qidalanan heyvanlar üçün xarakterikdir.

Buna görə tədqiqatçılar hesab edirlər ki, “Tanyka amnicola” ən azı qismən ot yeyən olub. Bu isə gözlənilməzdir, çünki həmin dövrdə yaşayan qədim dördayaqlıların əksəriyyəti yırtıcı idi.

Heyvan tetrapodlar qrupuna, yəni dörd ətrafı olan onurğalılara aid olub. Bu qrupa sürünənlər, quşlar, məməlilər və suda-quruda yaşayanlar daxildir. Lakin “Tanyka” daha qədim təkamül xəttinə, yəni “gövdə tetrapodları” adlanan qrupa aid olub.

Bu, qədim formalar daha “müasir” heyvan qrupları ilə eyni dövrdə yaşayıb. Alimlərin sözlərinə görə, bu baxımdan “Tanyka” müəyyən mənada müasir ördəkburunla müqayisə oluna bilər. Belə ki, bu məməli də əcdadlarının qədim xüsusiyyətlərini qoruyub saxlayıb. Buna görə tədqiqatçılar bu tapıntını öz dövrü üçün bir növ “canlı fosil” adlandırırlar.

Alimlərin sözlərinə görə, bu tapıntı Qondvana qitəsində hansı heyvanların yaşadığını və qədim ekosistemlərin necə qurulduğunu daha yaxşı anlamağa kömək edir.


SON XƏBƏRLƏR

05 Mart 2026