Dünyada koronavirusa yoluxma sayı, ardıcıl üçüncü həftədir ki, artır.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, ÜST-ün məlumatına görə, dünyanın ən azı 110 ölkəsində COVID-19-a yoluxma halları artıb.
İnfeksiyaya yoluxma artdığından bəzi ölkələr maska rejimi də daxil olmaqla anti-COVID məhdudiyyətlərini geri qaytarır.
Belə ki, Kipr Respublikasında 12 yaşdan yuxarı bütün şəxslərin ictimai yerlərdə məcburi maska taxması rejimi iyulun 8-dən bərpa edilib. Qeyd edək ki, bu qadağa mayın 31-də aradan qaldırılmışdı.
Eyni qərarı Qətər hakimiyyəti də verib. Əmirlikdə yeni infeksiyaların sayı gündə təxminən 700 nəfərdir ki, bu da iyunun əvvəli ilə müqayisədə iki dəfə çoxdur.
Pakistanda da vəziyyət təxminən eynidir - iyunun əvvəlində gündə 100-dən az yoluxma faktı qeydə alınırdısa, indi bu rəqəm yüzlərlədir. Bu səbəbdən də iyunun 28-dən etibarən ölkədaxili reyslərdə olan sərnişinlərdən yenidən maska taxmaq tələb olunur.
Ramid İbrahimov
















