• Bakı C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Atəşkəs təşəbbüsü Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi olacaq?

SİYASƏT

09 Fevral 2026 | 16:19

Atəşkəs təşəbbüsü Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi olacaq?

Ukraynanın Qış Olimpiadası dövründə müvəqqəti atəşkəs çağırışını dəstəkləməsi müharibənin gedişində yeni diplomatik müzakirələrə yol aça biləcək addım kimi qiymətləndirilir. Papa və İtaliya tərəfindən irəli sürülən bu təşəbbüsün real nəticə verib-verməyəcəyi isə beynəlxalq gündəmin əsas mövzularından biridir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Rusiya-Ukrayna müharibəsində indiyədək müvəqqəti atəşkəsə dair irəli sürülən təşəbbüslər ciddi nəticə verməyib. Onun sözlərinə görə, buna baxmayaraq, Qış Olimpiadası dövrü ilə bağlı gündəmə gələn bu çağırış indiki mərhələdə danışıqlar üçün müəyyən fürsət yarada bilər.

Politoloq qeyd edib ki, müharibənin dörd ilə yaxın davam etməsi tərəfləri həm hərbi, həm də iqtisadi baxımdan ciddi şəkildə zəiflədib. Bu baxımdan müvəqqəti də olsa atəşkəsin əldə edilməsi gələcəkdə daha geniş diplomatik müzakirələrin başlanmasına zəmin yarada bilər:

"Təəssüf ki, tərəflər ya buna razılaşmır, ya da kənar qüvvələrin təsiri altında bu prosesə gedə bilmirlər. Söhbət məhz atəşkəsdən gedir. Müharibənin ilk aylarında Türkiyənin təşəbbüsü ilə atəşkəs və sülh istiqamətində aparılan danışıqlar, o cümlədən Dolmabahçə sarayında əldə olunan razılaşmalar sonradan pozuldu. Bu prosesdə razılaşmaların pozulmasında Avropa liderlərinin də rolu oldu.

Bu fakt bir daha göstərir ki, münaqişədə və müharibədə tərəflərdən daha çox kənar qüvvələrin təsiri mövcuddur. Məhz bu təsirlər səbəbindən Rusiya-Ukrayna müharibəsi dayanmaq bilmir. Qış Olimpiadası dövründə müvəqqəti atəşkəsin əldə olunması üçün Roma Papası və İtaliya tərəfinin irəli sürdüyü təşəbbüs isə təqdirəlayiqdir".

Xəyal Bəşirov: Sözügedən təşəbbüs ciddi və müsbət addımdır

Ekspert bildirib ki, bu təşəbbüsün reallaşması danışıqlar prosesində müəyyən bir dönüş nöqtəsi yarada bilər. Tərəflər dörd il davam edən fasiləsiz qarşıdurmadan, müharibədən, dəhşətlərdən və itkilərdən sonra heç olmasa itkisiz günlərin mümkün olduğunu real şəkildə görə bilərlər:

"Bu baxımdan hesab edirəm ki, əgər bu atəşkəs təşəbbüsü reallaşsa və ona əməl edilsə, Rusiya-Ukrayna müharibəsində diplomatik həll istiqamətində indiki mərhələdə ciddi bir uğur sayılacaq. Bundan sonra tərəflər atəşkəsin davam etdirilməsi və gələcəkdə sülh yolu ilə ayrılma məsələlərini müzakirə edə bilərlər.

Dörd ildir ki, tərəflər bir neçə günlük də olsa atəşkəsin əldə edilməsi üçün danışıqlar aparır, lakin hələlik buna nail ola bilmirlər. Əgər qış Olimpiadası dövründə atəşkəsə əməl olunarsa, bu artıq bir mərhələnin uğurla başa çatması demək olacaq".

Müsahibimizin fikrincə, Avropa ölkələrinin bir qismi bu məsələdə fərqli mövqe nümayiş etdirir və müharibənin davam etməsində maraqlıdır. Bu isə nəticə etibarilə müharibə tərəflərinə daha çox itki yaşadır:

"Belə hallarda kənardan tövsiyələr vermək, müsbət və ya mənfi məsləhətlər səsləndirmək asandır. Əsas məsələ ondan ibarətdir ki, itkiləri yaşayan tərəflərin özlərinin qərar qəbul etməsinə imkan verilmir. Sözügedən təşəbbüs ciddi və müsbət addımdır. Əsas məsələ isə bu təşəbbüsə real şəkildə əməl olunmasıdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR