Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Bakıvaxtı.az sakinlərlə Prezidentin dialoqunu təqdim edir:
Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik.
Kişi sakin: Bu kənddən çıxanda o Murov yolunda nə zillətlər görən camaat indi toy-bayramla qayıtdı. 34 ildən sonra hamı sevinclə buraya qayıtdı.
Prezident İlham Əliyev: O vaxt işğal dövründə camaat buradan Murov yolu ilə çıxmışdı?
Kişi sakin: Bəli, qoca qadın evdə yanıb, çarpayıda sümükləri qalmışdı. O, mənim nənəm idi. O cür əziyyətlər yaşamışıq.
Prezident İlham Əliyev: O tərəf, yəni artıq buradan keçmək mümkün deyildi, bağlanmışdı? Suqovuşan tərəf də bağlanmışdı?
Kişi sakin: Bütün buralar bağlı idi, yalnız Murov dağından Kəlbəcər tərəfdən nə zülmlərlə.
Prezident İlham Əliyev: Uzaq yoldu, neçə kilometr olar? 40-50 kilometr olar?
Kişi sakin: 58 kilometr hələ Kəlbəcərlə sərhədə qədərdir.
Digər kişi sakin: Şükür bu günə, Sizin, Ordumuzun sayəsində qayıtmışıq.
Prezident İlham Əliyev: Burada evlər bərpa edildi, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.