Yay temperaturun yüksək olması səbəbilə qida zəhrələnmələrinin ən çox baş verdiyi fəsildir.
Əksəriyyətimiz isti havada evdən çıxmadan yemək sifariş etməyə üstünlük veririk. Xüsusilə restoranlardan evə yemək sifarişi edənlərin sayı istər-istəməz artır.
Belə olduğu halda qidanın təhlükəsizliyi ilə bağlı bəzi riskləri ortaya çıxır.
Asim Vəliyev, qida eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, yüksək temperatur şəraitində bəzi qidalar çox tez xarab ola, zəhərlənməyə səbəb ola bilər. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün həm vətəndaşlar, həm də qida ilə məşğul olan şəxslər müəyyən qaydalara riayət etməlidir.
A.Vəliyev qeyd edib ki, isti aylarda havadakı temperatur +30 dərəcəni keçdikdə, qidaların xarab olması riski də artır. Bu səbəbdən çatdırılma müddəti, qablaşdırma şəraiti və saxlanma temperaturu çox vacibdir:
“Qidaların təhlükəsizlik temperaturu 5°C- 60°C arasındadır. Bu aralıq temperaturu “təhlükəli zona” hesab olunur. Bu temperaturda bakteriyalar sürətlə çoxalır. Xüsusilə heyvan mənşəli məhsullar bu riski daha da artırır”.
İsti yay aylarında riskli qidaların olduğunu deyən eskpert söyləyib ki, onlardan istifadə edərkən diqqətli olmaq lazımdır. Müsahibimiz əlavə edib ki, xamalı, qatıqlı salatlar risk qrupundadır. Bu cür qidalar +25°C-dən yuxarıda çox sürətli şəkildə xarab olur:
“Xüsusilə açıq mayonez və xama bakteriyalar üçün əlverişli qida mühiti yaradır”.
A.Vəliyev nəzərə çatdırıb ki, dəniz məhsulları isti havada çox qısa müddətdə zəhərlənməyə səbəb olacaq qədər riskli ola bilər. Əgər düzgün soyudulmadan daşınarsa, təhlükə böyükdür:
“Süd və pendir tərkibli şorbalar, souslu yeməklər də risk qrupudur. Tortlar və desertlər əsasən kremlə hazırlanır. Kremlər tez əridiyindən və bakteriyaların artmasına şərait yaratdığından soyuducu qabda daşınmırsa, yayda çatdırılma üçün uyğun deyil”.
Ekspert çiy ət və toyuqla hazırlanan yeməklərin də risk qrupunda olduğunu vurğulayıb. Dediyinə görə, bişməmiş və ya yarımçıq qalmış ət məhsulları bakteriya riski baxımından çox təhlükəlidir:
“İsti hava bu riski daha da artırır. Həmçinin yumurtanın çiy formada istifadəsi salmonella kimi bakteriyalara səbəb ola bilər”.
A.Vəliyev bizimlə söhbətində sifariş zamanı çatdırılma müddəti məsələsinə də toxunub. Qeyd edib ki, əgər sifariş olunan yemək 45 dəqiqədən artıq vaxtda gəlirsə və isti temperaturda qorunmayıbsa, o yemək sağlamlıq üçün risk daşıyır:
“Yemək gələndə isti və ya tam soyuq olmalıdır. İlıq və xoşagəlməz qoxulu yeməkləri qəbul etməyin. Yemək termal qablaşdırmada gəlməlidir. Əgər sadə kağız və ya nazik plastik paketdə gətirilirsə, təhlükəlidir. Əgər sifariş etdiyimiz yeməyi dərhal yeməyəcyiksə, dərhal soyuducuya yerləşdirməliyik”.
Müsahibimiz bildirib ki, isti aylarda soyuducu paketlərdən və ya termal çantalardan istifadə məcburi olmalıdır.
“Yüksək riskli qidalar üçün çatdırılma vaxtı maksimum 30 dəqiqəni keçməməlidir. Müştəriyə qida haqqında istehsal və qablaşdırma saatı bildirilməlidir”.
Günay Lətifova, terapevt
Bakıvaxtı.az-a danışan həkim-terapevt Günay Lətifova söyləyib ki, yay mövsümündə havaların həddindən artıq isti keçməsi xüsusilə açıq havada və düzgün şəraitdə saxlanılmayan qidaların təhlükəli hala gəlməsinə səbəb olur.
Həkim qidanın çatdırılma şəraitinin də bu baxımdan böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, əgər qida məhsulları isti və ya soyuq saxlanmasını təmin edən xüsusi qablaşdırmalarda daşınırsa, risk azalır:
“Lakin sadə paketlərlə, temperaturu qorunmadan aparılan çatdırılmalar sağlamlıq üçün təhlükə yaradır”.
G.Lətifova diqqətə çatdırıb ki, günəş şüalarının birbaşa təsiri nəticəsində qida məhsulları çox qısa müddətdə, hətta bəzən cəmi 10-15 dəqiqə ərzində köhnələ və toksikləşə bilər:
“Bu proses uzun zaman tələb etmir, xüsusən zülal tərkibli məhsullar daha tez xarab olur. Karbohidrat əsaslı qidalar isə nisbətən gec köhnəlir. Konservləşdirilmiş məhsullar da soyuducudan çıxarıldıqdan dərhal sonra istehlak olunmalıdır, əks halda toksik təsir göstərə bilər”.
Müsahibimiz ketçup, mayonez kimi souslar, eləcə də kartof və müxtəlif tərəvəzlərin çox tez xarab olan məhsullar sırasında olduğunu və bu tərkibli yeməklərin istifadəsində xüsusi ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Terapevt qida zəhərlənmələrinin fərqli şəkildə özünü göstərə biləcəyini söyləyib. Bildirib ki, bəzilərində mədə ağrısı, digərlərində ürəkbulanma, halsızlıq və hətta yüksək temperatur müşahidə oluna bilər.
Müsahibimiz xəbərdarlıq edib ki, bu cür hallarda insanlar mütləq həkimə müraciət etməlidirlər:
“Özbaşına dərman və ya müalicəvi çaylardan istifadə vəziyyəti ağırlaşdıra bilər”.
Mina Mikayılova