“Ermənistandakı prosesləri mən də izlədim. Bir ermənişünas kimi mənim üçün də çox maraqlı məqamlar var idi”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı bildirib.
Alim qeyd edib ki, Nikol Paşinyanın bu qədər səs fərqi ilə qələbə qazanması gözlənilən deyildi:
“Çünki anket sorğularında Paşinyanın partiyası maksimum 35–40 faiz səs toplaya bilirdi. Lakin Paşinyan 49,8 faiz səslə qalib gəldi. Halbuki seçkidə iştirak edən üç müxalif siyasi qüvvənin ümumilikdə daha çox səs toplayacağı gözlənilirdi. Amma bu baş vermədi və Paşinyan həmin üç müxalif qüvvədən daha çox səs qazandı. Bununla belə, o, konstitusion çoxluğu təmin edə bilməyib”.
Onun sözlərinə görə, bu vəziyyət Paşinyanın parlamentdə mühüm qərarların qəbulunda ciddi çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Ermənistandakı seçkilərlə bağlı xaricdə ən çox maraq göstərən ölkələrdən biri də Rusiya olub:
“Moskva Paşinyanı nəzarətdə saxlamaq üçün parlamentdə ona yaxın siyasi qüvvələrin daha geniş təmsil olunmasını istəyirdi və müəyyən mənada buna nail oldu”.
Q.Çaxmaqlı parlamentə düşən müxalifətin gələcək addımlarını da şərh edib:
“İddialara görə, müxalifətdən parlamentə keçənlərin bir qismi mandatdan imtina edə bilər. Lakin bu, inandırıcı görünmür, çünki belə olarsa, Paşinyanla siyasi mübarizə aparmaq imkanları zəifləyər. Məlumdur ki, Robert Koçaryanın küçə etirazları ilə hakimiyyəti dəyişmək cəhdləri də uğur qazanmadı. Buna görə də müxalifət daha çox parlament müstəvisində fəaliyyətini davam etdirəcək. Koçaryan və Karapetyan da deputat siyahıları ilə bağlı qərarlarını bundan sonra verəcəklər”.
Aydın Baxış
Bakı 



