NASA “Artemis” adlı missiya çərçivəsində insanların Aya geri dönüşlərini bilinməyən zamana kimi təxirə saldığı bir vaxtda çinlilər Yer kürəsinin peykində tədqiqat stansiyasının yaradılması prosesini sürətləndiriblər.
Bakıvaxtı.az-ın məlumatına görə, güman olunur ki, artıq bu onilliyin sonuna kimi çinlilər Ayda ilk tədqiqat stansiyasını inşa edəcəklər. İlk əvvəl “Chang’e-8” adlı missiya çərçivəsində Ay bazasının yaradılması 2035-ci ilə planlaşdırılırdı. Lakin sözügedən layihənin reallaşdırılma prosesinin sürətləndirilməsi qərarı qəbul edilib.
Yeni plana əsasən Ayda tədqiqat bazası artıq 2027-ci ilə kimi inşa edilməlidir. Yer kürəsinin peykinin mənimsənilməsi üçün artıq mobil tədqiqat stansiyası yaradılır. Gözləntilərə əsasən hazırlanan mobil tədqiqat stansiyası 1000 km yol qətt edə biləcək.
Bundan başqa, Ay üçün nəzərdə tutulmuş bazanın inşası və xidməti üçün 3D çap texnologiyalarının araşdırılması da reallaşdırılır. Məlumatda qeyd edilib ki, bu proseslər üçün Aydakı mövcud materiallardan istifadə ediləcək. Enerji mənbəyi kimi isə nüvə qurğusundan istifadə ediləcək.
“Artemis” missiyasından fərqli olaraq Çinin Ay proqramı çərçivəsində Ay bazalarının Ay mağaralarında yaradılmasına əsaslanır. Bu halda bu cür bazalar meteoritlərdən və kosmik radiasiyadan qoruna biləcəklər (technote.az). NASA isə öz Ay bazasını peykin səthində inşa etməyi planlaşdırır.
















