Ölkəmiz noyabr ayında COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Rəsmi məlumatlara əsasən tədbirlə bağlı 70-80 minə yaxın iştirakçının respublikamıza səfər edəcəyi gözlənilir.
Bildiyimiz kimi, beynəlxalq səviyyəli böyük tədbirlərdə qonaqların daşınması zamanı nəqliyyatın rahat hərəkətinin təşkili məqsədilə yollara sarı zolaqlar çəkilir. Bundan əvvəl keçirilən Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ərəfəsində paytaxtın küçə və prospektlərində sarı zolaq qadağası tətbiq edilmişdi.
Bu qadağa COP29 tədbiri zamanı da tətbiq olunacaqmı?
Nəqliyyat eksperti Ərşad Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İslam Həmrəylik Oyunlarında, həm də Avropa Oyunlarında nümayəndə heyətləri daha çox idi:
“Çünki söhbət xeyli sayda dövlətin müxtəlif növlər üzrə idman heyətlərindən gedirdi. Bəzi ölkələrin yüzdən çox nümayəndə heyəti var idi. Məsələn, müxtəlif istiqamətlər üzrə idmançılar, məşqçilər, texniki dəstək heyəti və s. iştirak edirdi. COP29 tədbirində də ölkə sayı kifayət qədər çox olacaq. Yəni dünyanın hər yerindən, ekoloji təşkilatlardan nümayəndələr gələ bilər”.
Ekspert qeyd edib ki, bu tədbirin qonaqları əsasən dövlət və hökumət başçıları səviyyəsində olacaq:
“Bu da qonaqların sayının idman oyunlarındakı iştirakçı sayından az olacağını göstərir. Ali qonaqların müşayiət edilməsi üçün isə operativ nəqliyyat vasitələri var. Digər məsələ ondan ibarətdir ki, idman yarışları şəhərin müxtəlif yerlərində keçirilirdi. Müxtəlif idman arenalarına otellərdən yola düşmək üçün nəqliyyat ehtiyacları daha böyük idi. Amma COP29 da bir az fərqli ola bilər. Çünki burada tədbirlərin keçiriləcəyi məkanlar, yəqin ki, o qədər də çox sayda olmayacaq və tədbirlər daha qısamüddətli olacaq. Bildiyimə görə, xüsusən də siyasi xadimlərin, ali qonaqların iştirak edəcəyi tədbirlərin günlərinin sayı çox olmayacaq. Ona görə də düşünürəm ki, əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, COP29-da iştirak edəcək qonaqları daşımaq üçün yollarda sarı zolaqlar yaradılmasına ehtiyac yoxdur”.

Ərşad Hüseynov: İnsanlar COP29 zamanı ictimai nəqliyyata üstünlük versələr, problem yaşanmayacaq
Ə.Hüseynov sözügedən tədbirlər zamanı çəkilən sarı zolaqların vətəndaşlar arasında bir qədər mübahisəli qarşılandığına diqqət çəkib:
“Düzdür, həmin tədbirlərin keçirilməsi bir az rahat oldu. İnsanlarımız çalışdılar ki, diqqətli olsunlar. Xüsusən Avropa Oyunlarında daha yüksək nizam-intizam oldu. Nəqliyyatla bağlı problem yaranmadı, insanlar fərdi avtomobillərdən az istifadə etdilər və s. Amma yenə də, ümumiyyətlə, digər nəqliyyat vasitələri üçün məhdudiyyətlər oldu. Bunu nəzərə alaraq ayrıca zolaqların yaradılmasına heç bir ehtiyac görmürəm. Yenə də fərdi avtomobil sahibləri COP29-un keçiriləcəyi əsas günlərdə bir az daha diqqətli olsalar, fərdi avtomobillərdən az istifadə eləsələr, ictimai nəqliyyata üstünlük versələr, problem yaşanmayacaq. Habelə tədbirləri təşkil edən və nəqliyyat sahəsinə cavabdeh qurumlar yaxşı olar ki, həmin günlərdə ictimai nəqliyyatı ən maksimum dərəcədə səfərbər etsinlər”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, quruma COP29 tədbiri zamanı yollara sarı zolaq qadağasının tətbiq olunması barədə hər hansı bir məlumat daxil olmayıb.
Günel Abbas





jpg-1720255135.webp)


jpg-1720250817.webp)

jpg-1720243329.webp)
jpg-1720243159.webp)




