Danimarkanın ən böyük şəhərləri Orxus və Kopenhagendə ABŞ-nin Qrenlandiya siyasətinə qarşı nümayişlər keçirilib.
Bakıvaxtı.az-ın "Danmarks" radiosuna istinadən verdiyi məlumata görə, 800-dən 1000-dək insan paytaxtdakı ABŞ səfirliyi qarşısında "Qrenlandiya Qrenlandiyalılara məxsusdur" şüarı ilə nümayişə toplaşıb.
Etirazçılar ABŞ Prezidenti Donald Trampın ölkənin Qrenlandiyaya nəzarət etmək istədiyini dəfələrlə dilə gətirməsindən sonra aksiyalara başlayıblar.
"Həm Qrenlandiyaya, həm də Danimarkaya qarşı bu təzyiq qəbuledilməzdir. Biz bunun normal olmadığını göstərmək istəyirik. Bu, kobud pozuntudur", - təşkilatçılardan biri olan Karen Littauer deyib.
Qeyd edək ki, etirazlar ABŞ-nin vitse-prezidenti Cey Di Vens martın 28-də rəsmi Vaşinqtonun Qrenlandiyadakı Pituffik hərbi bazasında Kopenhagenin adanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini söylədikdən sonra baş verib. Danimarkanın Baş naziri Mette Frederiksen krallığın tənqidinin ədalətsiz olduğunu bildirib.