Azərbaycan əhalisinin sosial rifahının yüksəldilməsi ölkənin inkişaf strategiyasının ən mühüm prioritetlərindən biridir.
Sosial rifah faktoru əhalinin həyat şəraitini yaxşılaşdırmaq, işsizlik, yoxsulluq və digər sosial problemləri aradan qaldırmaqla yanaşı, həm də cəmiyyətin hər bir fərdinin bərabər imkanlarla təmin olunmasına əsaslanır. Azərbaycanın iqtisadi potensialı və təbii resursları bu hədəflərə çatmaq üçün mühüm imkanlar yaratsa da, sosial rifahın artırılması yalnız iqtisadi göstəricilərdən asılı olmayıb, sosial siyasətlərin səmərəli şəkildə həyata keçirilməsini də tələb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosial rifah modelini də təqdim edir:
"Bu mühüm məqamı xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi düşünülmüş siyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığını təsdiqlədi. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafında əsas faktordur".
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi Azərbaycanın bu gününə və gələcəyinə hesablanmış mühüm addım oldu:
"Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil oldu ki, bu da ölkəmizin hərtərəfli inkişafına yönələn sosial-iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilir. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunmasını təmin edir".
Deputat diqqətə çatdırıb ki, Son 21 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın qarşısında dayanan vəzifələri açıqlayarkən daim bu çağırışı edir ki, bunun üçün iqtisadiyyat inkişaf etdirilməlidir:
"2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası hazırda həm rəqəmlərdə, həm də insanların gündəlik həyatında özünün aydın ifadəsini tapır. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, sosial sahəni də diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi".
Vüqar Rəhimzadə dövlət büdcəmizin sosialyönümlülüyündən də bəhs edib. Həmsöhbətimizin sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldib:
"Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bunun üçün dövlət büdcəsində təkcə sosialyönlü xərclərin artım dinamikasına diqqət yetirmək kifayətdir. Bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması bir daha əhalinin sosial rifahının dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir. Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatıb. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən".
Millət vəkili onu da qeyd edib ki, son dörd ildə əsas hədəf azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi olsa da, dövlətimiz heç bir bölgənin inkişafını diqqətdən kənarda saxlamır:
"Təbii ki, hər bir addımın əsasında ölkəmizin daha da güclənməsi, insanların rifah halının yaxşılaşdırılması dayanır. Regional inkişaf proqramlarının uğurlu icrası və nəticələrin ürəkaçan olması hər bir hədəfin reallığa çevriməsinin göstəricisidir. Tarixi Zəfərimizdən sonra “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu sənəddə də qeyd olunduğu kimi, Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil edir".
Son olaraq həm söhbətimizin ümumiləşdirməsinə görə, ölkəmizdə davamlı sosial islahatlar insanların yüksək rifahının təmin edilməsini şərtləndirir:
"Əməkhaqlarının, pensiyaların artırılması vətəndaşların sosial təminatını daha da gücləndirmək məqsədi daşıyır və hər il ölkə Prezidentinin sərəncamları ilə bu tədbirlər həyata keçirilir. Sosial islahatların bu qədər genişmiqyaslı şəkildə həyata keçirilməsi dövlətin sosial məsələlərə verdiyi önəmin və vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəki qətiyyətinin göstəricisidir. Bu islahatlar həm də Azərbaycan cəmiyyətində daha ədalətli və inklüziv sosial sistemin formalaşmasına xidmət edir".
Əli Hüseynov