Rejissor filmin musiqisini bəyənməsə də, bəstəkara qonorar ödəniləcək
Bakıvaxtı.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalarda əksini tapıb.
Belə ki, bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 faizinə qədəri ödənilir.
Bundan başqa, müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır.
Həmçinin qeyd olunub ki, filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür.
Eləcə də filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda, filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrə məsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı (prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dair mülki-hüquqi müqavilə bağlanılır.
Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər və ödənişlə bağlı müvafiq mülkihüquqi müqavilə filmin istehsalçısı (prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və ya himayəçisi) arasında bağlanılır.
Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.