• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

ADY Şimal-Cənub dəhlizi ilə yükdaşımanı 28 % artırıb

CƏMİYYƏT

10 Yanvar 2025 | 14:57

ADY Şimal-Cənub dəhlizi ilə yükdaşımanı 28 % artırıb

2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 % artaraq 814 min ton təşkil edib.

Bakıvaxtı.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində işlər davam etdirilir.

Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.

Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlər görür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.

ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15 % artırmağa imkan verib.

Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.

Ümumiyyətlə, bütün qeyd edilən işlər 2024-cü ildə ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir və ADY-nin qarşısında qoyulmuş hədəflərə nail olmağa xidmət edir. Əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır.

Bu məqsədlə ADY öz fəaliyyətində əsas strateji yüklərin daşınmasına prioritet verilməsi, müştərilərlə işin səmərəli təşkili, dinamik tariflərin və effektiv endirim mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və optimizasiya, təchizat zənciri boyu fəaliyyətin genişləndirilməsi, yeni xidmətlərin göstərilməsi və yeni bazarlara çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq platformalarının – assosiasiya, konsorsium və birgə müəssisələrin qurulması istiqamətlərində strateji təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.


SON XƏBƏRLƏR