“Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir”.
Bakıvaxtı.az-ın məlumatına görə, binu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib ki, lakin ötən il məyusluqla dolu bir il oldu. Məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu.
Maraqlıdır ki, qarşıdakı dövrdə Azərbaycan-Avropa Komissiyası münasibətlərinin normallaşması hası amillərdən asılı ola bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, indiki məqamda Azərbaycanla Avropa Komissiyası arasında müəyyən fikir ayrılıqları mövcuddur. Xüsusilə də Avropa İttfaqı tərəfindən ölkəmizə qarşı hədsiz səviyyədə tənqidlər eşidilir:
"Hətta Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qətnamə də qəbul edib və ölkəmiz buna etiraz olaraq, Assembleyada iştirakını dondurub. Yəni, hazırda münasibətlər gərgindir”.
Müsahibimiz qeyd edib ki, lakin ümumilikdə Azərbaycan Avropa ilə əməkdaşlığa hər zaman maraqlı olub:
“Məsələn, enerji təhlükəsizliyi ilə bağlı Avropa da ölkəmizlə əməkdaşlığa maraq göstərir. Avropanın Rusiya qazının kəsilməsinə qarşı ortaya atdığı variantlardan biri də Azərbaycanla bağlıdır. Bu məsələdə daha çox Qətər, ABŞ, Əlcəzair və Azərbaycanın adı çəkilir".
Turab Rzayev: Azərbaycan Avropa ilə əməkdaşlığa hər zaman maraqlı olub
T.Rzayev hesab edir ki, Azərbaycanın Aİ ilə əməkdaşlıq planları var. Ən azından Şərq tərəfdaşlığı əməkdaşlığı davam etdirilə bilər.
"Son zamanlar Türkiyə ilə Aİ münasibətləri yaxşılaşıb. Bu yaxınlaşma Azərbaycan-Aİ münasibətlərini də normallaşdıra bilər. ABŞ-də yeni prezident tam təsdiqlənəndən sonra bu dəyişikliyin Azərbaycan-ABŞ münasibətləri üçün yeni nəfəs olacağı gözlənilir. Bu kontekstdə ABŞ-nin starteji partnyoru sayılan Aİ ilə Azərbaycan münasibətlərində inkişaf başa verə bilər", - deyə Turab Rzayev vurğulayıb.
Gülşən Şərif