Xəstələnəndə həkimdən əvvəl dərmanlara üz tuturuq. Bəzən isə elə dərmanlar dərdimizin üstünə dərd gətirir.
Bəs dərmandan zəhərlənmə halları niyə və necə baş verir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərmandan zəhərlənmə halı varsa, mütləq şəkildə bu araşdırılmalıdır ki, səbəb nədir, niyə baş verib:
"Dərmandan zəhərlənmə zamanı öncə xəstənin hansı dozada və nə vaxt qəbul etdiyi müəyyənləşdirilməlidir. Bu informasiya toksikoloq üçün çox əhəmiyyətlidir. Əfsuslar olsun ki, bəzən bunların fərqində olmuruq".
Professor qeyd edib ki, dərman zəhərlənmələri bilmədən və ya bilərəkdən doza həddini aşan zaman baş verir. Dərman zəhərlənmələri ölümlə nəticələnə bilər. Dərman zəhərlənməsi qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi mümkünsüzdür. Buna görə də, həkim resepti olmadan bilmədiyiniz dərmanları qəbul etmək olmaz:
"Əgər dərmandan zəhərlənmə halı baş veribsə, xəstə öncə qusdurulmalı, vəziyyətinin ağır, yaxud yüngül olmasından asılı olmayaraq dərhal xəstəxanaya aparılmalıdır. Xəstəxanaya gedən zaman qəbul edilən dərmanların qutusunu da özünüzlə götürün".
Adil Qeybulla: Dərman zəhərlənməsi qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi mümkünsüzdür
Müsahibimizin sözlərinə görə, dərman zəhərlənmələri 80 faiz uşaqlarda, 85 faiz təsadüfən və 20 faiz intihar məqsədilə baş verir:
"Dərman zəhərlənmələri iki halda baş verir: insan müalicə məqsədilə dərman preparatı qəbul edir, ancaq dərman keyfiyyətsiz olduğu üçün zəhərlənir, ikinci halda isə bilərəkdən intihar məqsədi ilə çoxlu sayda həb qəbul edərək zəhərlənir.
Dərman vasitəsini xəstə müalicə məqsədi ilə qəbul edir və zəhərlənir. Yəni bu da dərman vasitəsinin yan təsirindən qaynaqlanır. İstənilən halda dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır".
Nuriyyə Musayeva