Buraxılış imtahanlarında xarici dilin yer alması əvvəlcə mübahisəli qərar kimi dəyərləndirilsə də, sonradan bunun düzgün addım olduğu qəbul edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Sədrin sözlərinə görə, buraxılış imtahanlarının modelinin formalaşdırılması zamanı əsas müzakirə mövzularından biri üçüncü fənin hansı olması ilə bağlı olub.
O qeyd edib ki, iki fənnin əsas olması aydın idi - tədris dili və riyaziyyat. Çünki tədris dilini bilməyən şəxs digər fənlər üzrə nəticə əldə edə bilməz, riyaziyyat isə hər bir gənc üçün həyatda yol açan vacib sahədir:
“Üçüncü fənnin xarici dil olması ilə bağlı isə əvvəlcə tərəddüdlər var idi. Mən də bunun əleyhinə idim. Çünki bəzi məktəblərdə xarici dil ümumiyyətlə tədris olunmurdu və ya fasilələrlə keçirilirdi. Bu da şagirdlərin nəticələrinə mənfi təsir edirdi”.
M.Abbaszadə bildirib ki, sonradan bu qərarın düzgün olduğu özünü doğruldub:
“Zaman göstərdi ki, bu, doğru qərar idi. Necə ki, riyaziyyat və informatika müasir dünyada bir açardır, xarici dili bilmək də gənclər üçün əlavə imkanlar yaradır. Nə qədər çox dil bilirsənsə, o qədər çox qapı aça bilirsən”.
O, texnologiyanın inkişafına baxmayaraq, xarici dil bilməyin əhəmiyyətini də vurğulayıb:
“Bu gün avtomatik tərcümə vasitələri var, amma bu o demək deyil ki, dil öyrənmək lazım deyil. İnsan nə qədər çox dil bilirsə, onun idrakı daha yaxşı inkişaf edir və o, özünü daha yaxşı ifadə edə bilir”.
Zeynəb Rzayeva
Bakı 




