• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

“Dislaliya əksər hallarda uğurla korreksiya olunur”

CƏMİYYƏT

22 Sentyabr 2025 | 11:56

“Dislaliya əksər hallarda uğurla korreksiya olunur”

Səhiyyə Naziriliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin loqopedi Gülnar Hacızadə nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Gülnar xanım, ilk öncə bilmək istərdik ki, dislaliya nədir?

- Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur. Nitq 5 yaşına kimi formalaşır, amma bəzi uşaqlarda səs tələffüzü qüsurları qalmaqda davam edir.

- Dislaliyanın mənşəyinə görə neçə növü var?

- Dislaliya mənşəyinə görə iki növə ayrılır - funksional və mexaniki dislaliya. Funksional dislaliya pedaqoji baxımsızlıq nəticəsində yaranır. Uşağın nitqinin düzgün “tərbiyə” olunmaması və uşaq dilində danışmasına səbəb olur. Funksional dislaliyada artikulyar aparatda heç bir çatışmazlıq müşahidə olunmur.
Mexaniki dislaliya isə anadangəlmə və qazanılma ola bilər, artikulyasiya aparatının qüsurları nəticəsində yaranır.
Dilin qüsurları dilin həddindən artıq böyük olması, enli və ya qısa, ensiz olması, dilaltı pərdənin qısa olub-olmaması və ya bitişik olması aiddir. Bu cür hallar dilin məhdudlaşdırılmasına səbəb olur və səs tələffüzündə çətinliklər yaradır.
Uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağı sorması, ananın uşağa uzun müddət süd verməsi, tənəffüs problemləri çənə qüsurlarına səbəb olur. Daha sonra ön dişlərin aralı olub-olmaması mexaniki dislaliyaya səbəb olur.

- Dislaliyanı yaradan səbəblər hansılardır?

- Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr) üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya gətirən anamaliyalarına daha çox dil və üst dodaq yüyənin qısalığı səbəb olur, nisbətən az-makroqlassiya (irihəcmli dil), mikroqlassiya (ensiz kiçik dil), yoğun az hərəkətli dodaqlar.
Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin, dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinin tələffüzündə qüsur yaranır.
Genetik faktorların rolunu vurğulamaq lazımdır. Ailə üzvlərində oxşar nitq problemləri dislaliyaya gətirib çıxara bilər. Erkən dil inkişafı problemləri, nitqdə gecikmə kimi amillər olduqda dislaliyaya səbəb olur. Eşitmə itkisi, eşitmə problemləri bir insanın nitq səslərinin düzgün işləməsini və ya çıxarılmasını çətinləşdirə bilər. Eşitmə cihazları dislaliyaya səbəb olur. Nevroloji problemlər beynin sinir sistemi ilə bağlı ola bilər.

- Dislaliyanın hansı qolları var?

- Dislaliyanın qollarına siqmatizm fitli, fışıltı səslərin olmaması və ya əvəz olunması (S, Ş), rotatizm (R səsinin olmaması və ya başqa səslərlə əvəz olunması) daxildir. Həmçinin, lamdasizm (L səsinin olmaması və ya əvəz olunması), kappasizm (K, Q səslərinin olmaması və ya əvəz olunması), xitizm (Ğ, X səslərinin olmaması və ya əvəz olunması) və yotatizm (Y səsinin olmaması və ya əvəz olunması) aiddir.

- Dislaliyanın diaqnostikası necə aparılır?

- Dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlik və doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirdiyi xəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatının vəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizual olaraq, artikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyini müayinə edir.
Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir (səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır. Loqopedik rəydə dislaliyanın forması(mexaniki və ya funksional), növü (artikulyator-fonematik), akustik-fonematik, artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm, siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağa stomotoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqunun konsultasiyası da tələb oluna bilər.

- Səs qüsurlarını aradan qaldırmaq üçün hansı üsullar var?

- Dislaliyanı aradan qaldırmaq üçün ilk əvvəl hansı səslərin qüsurlu tələffüz olunduğunu aşkar etmək lazımdır. Bunun üçün uşağa hər bir səsin əvvəldə, ortada və axırda işləndiyini şəkillər və ya mətnlər üzərində təklif olunur. Səsi qüsurlu tələffüz edərkən hansı səhvlərə yol verdiyini müəyyən etmək lazımdır.
Səs qüsurlarını aradan qaldırmasının 3 üsulu var: yamsılama (imitasiya, yəni səsin imitasiyası), mexaniki (loqopedik zondların köməyi ilə) və qarışıq (hər iki üsulun tətbiqi).

- Dislaliyanın əlamətləri hansılardır?

- Dislaliya zamanı tənəffüs qüsurları, səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi özünü göstərir. Səs buraxılması dedikdə, səsin olmaması və ya tamamilə düşməsidir. Əvəz olunması o deməkdir ki, bir fonetik digəri ilə əvəz olunur. Əgər 4 səs qüsuru varsa, sadə (məsələn, R, L, J, G), 5 və daha artıq varsa, mürəkkəb səs qüsuru adlanır. Məsələn, R, L, J, G, Ş, K səslərin qüsuru varsa, demək şəxsdə mürəkkəb səs qüsuru var.

- Səs qoyuluşu hansı mərhələlər üzrə aparılır?

- Səs qoyuluşu bu mərhələlər üzrə aparılır: artikulyasiya aparatını qoyulacaq səs tələffüzünə hazırlamaq, dil, dodaq, izolyasiya olunmuş səsin alınması, səsin hesablarda möhkəmləndirilməsi, səsin sözlərdə, cümlələrdə möhkəmlənməsi və səsin sərbəst nitqdə möhkəmləndirilməsi.
Hər bir mərhələ ardıcıl həyata keçirildiyi zaman effektiv nəticə əldə etmək mümkündür. Loqoped hər bir mərhələ zamanı ayrı-ayrı tapşırıqlarla uşaqda səs qüsurunu aradan qaldırır.

- Dislaliya necə korreksiya edilir?

- Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır. Hazırlıq mərhələsində nitq aparatındakı qüsurlar aradan qaldırılır. İkinci mərhələdə səslərin tələffüzü üçün ilkin bacarıqlar formalaşdırılır. Mütəxəssis uşağa əvvəlcə təkcə səsi tələffüz etməyi öyrədir, daha sonra isə hecalara və sözlərə keçir. İşin yekun mərhələsində öyrənilmiş səsin böyüklər və həmyaşıdlarla ünsiyyətdə düzgün istifadəsinə istiqamətlənir.
Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatın quruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontik müalicə kursu) anatomik defektləri aradan qaldırmaq vacibdir. Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitq motorikasında inkişaf etdirilir (artikulyar gimnastika, loqopedik masaj), sensor funksional dislaliyada fonomatik proseslər inkişaf etdirilir.
Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə üç dəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin, loqopedin tapşırıqlarının evdə edilməsi də vacib şərtdir. Sadə dislaliya üzrə məşğələlər 1-3ay, mürəkkəb dislaliya üzrə 3-6 ay üzrə təşkil edir.

- Dislaliyanın profilaktikası necə aparılmalıdır?

- Dislaliya əksər hallarda uğurla korreksiya olunur. Dislaliyanın müvəffəqiyyətlə dəf olunması defektin mürəkkəbliyi, uşağın yaşı və fərdi xüsusiyyətləri, məşğələlərinin müntəzəmliyi, valideynlərin bu işdə iştirakından asılıdır.
Məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən, aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinə nisbətən daha tez korreksiya olunur. Dislaliyanın profilaktikası nitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkar olunmasını tələb edir.
Valideynlər unutmamalıdır ki, onlar nitqin inkişafı baxımından övladları üçün örnəkdir.


SON XƏBƏRLƏR

21 Sentyabr 2025