• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Divarın o tayında qalan təbiət: Dəniz kimi meşələrimiz də hasarlanır

CƏMİYYƏT

24 Iyul 2023 | 12:58 | Müəllif: Qalib İbrahimoğlu

Divarın o tayında qalan təbiət: Dəniz kimi meşələrimiz də hasarlanır

Uzun yol getmək, səyahət etmək, xüsusilə yay aylarında olduqca maraqlıdır. Əksəriyyət getdiyi yerdən çox yol boyu görəcəyi, baş çəkəcəyi təbiət, dəniz mənzərəsi üçün səyahəti sevir. Lakin əvvəl dəniz üzünə həsrət qalmışdıqsa, indi təbiətə, gölə həsrət qalmışıq. Onları bizdən gizlədirlər.

Gizlədilər gözəlliklərdən biri də Şəkidə Marxal gölüdür. Belə ki, göl özəlləşdirilib otel tikildiyindən, gölü görmək, sadəcə bu gözəlliyə baxmaq üçün mütləq oteldə qalmaq lazımdır. Giriş məhdudlaşdırılıb. Artıq təbiəti də üzümüzə qapadırlar.

Eyyub Hüseynov: Bələdiyyələr yaxşı işləməli, öz ərazilərində olan bu yerlərə bir qapı qoymalıdılar ki, insanlar onu görsün

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu haldan xəcalət çəkir: “Bu cür halların baş verməsi mənim böyük günahımdır. Mən istehlakçı hüquqlarını yaxşı qorusaydım, belə hallar baş verməzdi. Cənab prezident dəfələrlə insanları ictimai nəzarətə çağırıb, lakin ictimai nəzarət yox səviyyəsindədir. Baxmayaraq ki, birinci şəxs səviyyəsində çağırış olub, cəmiyyətdə ictimaiyyətin rolu aşağıdır”.

Onun fikrincə, biz digər vətəndaşları da düşünən cəmiyyət olsaq, oranı boykot etməliyik: “Mənim kimi istehlakçı hüquqları qoruyan adam olanda, üstəlik, ictimaiyyət də zəif olanda belə hallar baş verər. Bu vəziyyətdən xəcalət çəkirəm. Mən özüm dəfələrlə ora gedib “Marxal”da qalmaq istəmişəm, lakin qiymət baha olduğundan yaxınlaşa bilməmişəm. Heç orda göl olduğunu da bilməmişəm. Əlbəttə, təbiət həvəskarı kimi mən də o gölü görmək istəyərdim. Düşünürəm ki, bələdiyyələr yaxşı işləməli, öz ərazilərində olan bu yerlərə bir qapı qoymalıdılar ki, insanlar onu görsün”.

Müsahibimiz qeyd edib ki, bu hal yolverilməzdir. AİB sədrinə görə, təbiətin insanlara bəxş etdiyi bu ərmağandan pul qazanmaq üçün istifadə olunur: “Gərək hökumət elə bir siyasət yürütsün ki, Allah tərəfindən Azərbaycana verilmiş ərmağandan insanlar istifadə edə bilsin, onu pula çevirməsinlər. Əgər Allah onu bu xalqa bəxş edibsə, gərək bəndələr qarşısını almasın. Nə etmək olar, kapitalizm cəmiyyətidir, insan amilləri arxa planda qalır, hər şeydən pul qazanmaq istəyirlər. Ona görə, belə bir vəziyyət yaranıb, ancaq bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

Ekspert əlavə edib ki, buna oxşar hal dənizin hasarlanması məsələsidir: “Bakı-Hacıqabul yolunu getdikdə görürük ki, sol tərəfdə dəniz kilometrlərlə hasarlanıb. Mən bir çox ölkələrdə, o cümlədən, qatı kapitalist ölkələrində olmuşam, dənizin bu cür hasarlandığını görməmişəm. Gərək təbiətin resursları, heç olmasa, görmək üçün insanlara açıq olsun. Bu, hökumətin apardığı səhv istehlakçı siyasətinin nəticəsidir. Yəni ölkədə istehlakçı siyasəti, ictimai nəzarət bərbad vəziyyətdədir, Azad İstehlakçılar Birliyi pis işləyir. Ona görə də, belə tənqid hədəfi olur. Düşünürəm ki, “Marxal” Hotelin rəhbərliyi mənim kimi yüksək qiymətdən qaçan insanlara bir yer qoymalıdır ki, o gölü görək. Sanki təbiətin verdiyi gölü insanlara satırlar”.

Natiq Cəfərli: Tarixi abidələr, ictimai əhəmiyyətli təbiət zonalarının özəlləşdirilməsi ya mümkün deyil, ya da...

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyinə görə, tarixi abidələr, ictimai əhəmiyyətli təbiət zonalarının özəlləşdirilməsi ya mümkün deyil, ya da çox çətindir: “Bunun üçün kifayət qədər ciddi əsaslar olmalıdır. Ona görə də, Marxal gölü ilə bağlı araşdırma aparılmasına ehtiyac var. İcazəni kim verib, nə vaxt verib, məhdudiyyətlər hansı qanun və ya müqavilə ilə tənzimlənib və s. - bunların hamısına baxmaq lazımdır”.

Onun sözlərinə görə, prezident dəfələrlə çıxış edib ki, dəniz kənarını hasara almaq, dənizə girişi məhdudlaşdırmaq olmaz: Bu mələsə də eyni məntiqdir, fərqi nədir ki?! Bu da təbiətdir, bura da kənar şəxslərin girişinin məhdudlaşdırılması qeyri-qanuni sayılmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026