Xəbər verdiyimiz kimi, “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən dönərxanalardan birində 8 nəfər dönərdən zəhərlənib. Zəhərlənənlərdən biri qadın, yeddisi kişi, biri isə yeniyetmə olub.
Dönərdən zəhələnmə halları niyə baş verir? Ümumiyyətlə, dönər necə hazırlanmalıdır?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirib ki, zəhərlənmələrin böyük hissəsi gizlədilir: “Dönərdən zəhərlənmələr hələ davam edəcək. Zəhərlənmələrin böyük bir hissəsi gizlədilir, çünki zəhərlənmələrin statistikasının böyük olmasını istəmirlər. Bu proses illərdir davam edir”.
AİB sədri deyir ki, zəhərlənmələrdən xüsusən, gənclər və tələbələr böyük əzab çəkirlər: “Mən hələ mədə xəstəliklərinə tutulanları demirəm. Ən təhlükəli ətlər gəlib dönərxanalara çıxır” deyən E.Hüseynov keçən həftə AQTA İctimai Şuranın tədbirində bu məsələni qaldırdığını xatırladıb.
“Biz dönərxanalara getsək, orada ətlərin təhlükəsiz olması ilə bağlı çoxlu kağızlar asıldığını görərik. Əslində isə, belə deyil. Murdar, ölmüş heyvan ətləri gəlib dönərxanalara çıxır” deyən müsahibimiz sertifikatların heç də inandırıcı olmadığını bildirib. Onun sözlərinə görə, AQTA da bu məsələlərə susur, çarə qılmaq istəmir. AİB sədri bildirib ki, rəhbərlik etdiyi qurum dəfələrlə müasir dönərxanaların açılması, standartlara uyğun fəaliyyət göstərməsi üçün təmənnasız dəstək göstərməyi təklif edib: “Təsadüfi deyil ki, beş il əvvəl şok dondurmadan keçirilmiş dönərlərin hazırlanması, bazarda ədalətli rəqabət yaratmalaq digərlərinin sıradan çıxmasına nail olmaq üçün dövlət orqanları tərəfindən dönərxanaların standartı hazırlanıb. Hökumət təhlükəli dönər hazırlayan yerlərin bağlanmasını yerinə yetirə bilmir. Çünki burada ciddi monitorinqlər aparılmalı, ciddi məsələlər olmalıdır. Çox təəssüflər olsun ki, vağzalətrafı yerlərdə belə təhlükəli dönərxanalar çoxdur. Ölkədə 15 mindən çox dönərxana var, lakin, qeyd etdiyim kimi, onların heç bir faizi dəəti qanuni dönər hazırlayan yerlərdən almır”.
E.Hüseynov bildirib ki, bu məsələ mütləq araşdırılmalı, dönərdən zəhərlənən insanlara kompensasiya verilməli və dönərxanalardakı vəziyyət yaxşılaşdırılmalıdır. Dediyinə görə, AQTA-da bu məsələni yenidən qaldıracaq.
Aytac Aslan
















