Sinoptiklərin verdiyi məlumata görə, ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Sabah Azərbaycanda qar yağacaq. Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gözlənilən hava şəraiti ilə bağlı hansı tədbirləri görüb?
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bakıvaxtı.az-a bildirib ki, Bakıda qış özünü hələ tam büruzə verməyib, yəni bu həftə edilən xəbərdarlıqlar paytaxtda sulu qarın yağması ilə bağlıdır: “Əsas dağlıq və dağətəyi rayonlarda qarın yağması gözlənilir. Payız fəsli daxil olandan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün maşın-mexanizmləri, texnikaları, duz-qum ehtiyatı dağlıq və dağətəyi rayonlarda hazır vəziyyətə gətirilib. Hər hansı problem olduqda qısa müddət ərzində həmin problemin həlli üçün agentlik olaraq biz əlimizdən gələni edəcəyik ki, yollarda hərəkətin rahatlıq, təhlükəsizlik və intensivliyi pozulmasın. Amma bu o demək deyil ki, qar yağdığı, buzlaşma olduğu təqdirdə hər hansı problem olmayacaq. Bu qaçılmazdır”.
Onun sözlərinə görə, bu mövzuda sürücülər də kömək etməlidirlər. Belə ki, sürücülərin idarə etdikləri avtonəqliyyat vasitələri mütləq qış fəslinə uyğun təchiz edilməlidir. Avtomobillər, ən azından, qış şinləri ilə təchiz edilməlidir ki, onların hərəkətində hər hansı problem olmasın.
“Bizim yollarda qarın təmizlənməsi, buzun əridilməsi istiqamətində atacağımız addımlardan asılı olmayaraq, xüsusən, dağlıq və dağətəyi ərazilərdən keçən yollarda əgər onlar yay şinləri ilə avtonəqliyyat vasitələrini idarə edirlərsə, onların hərəkətində mütləq şəkildə problem yaranacaq” deyə Agentliyin sözçüsü bildirib ki, sürücünlar üçün yaranan problem digər hərəkət iştirakçılarına da problem yaşada bilər. “Ona görə də, hər kəs bir az məsuliyyətli olmalı, sürücülər nəqliyyat vasitələrini qış fəslinə uyğun təhciz etməlidirlər”.
A.Nəcəfli deyib ki, AAYDA-da mindən artıq maşın-mexanizm və texnika hazır vəziyyətdədir. Dediyinə görə, həm Bakı şəhərində, həm də respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün kifayət qədər duz-qum ehtiyatı var: “Agentlik olaraq 100% hazırıq. Ancaq bu o demək deyil ki, yollarda yüz faiz problem olmayacaq. Qarın yağması və yolların buzlaşması nəticəsində problemin yaranması qaçılmazdır”.
Aytac Aslan
















