“Öncə demək istərdim ki, bu gün Azərbaycana dünyada ən etibarlı tərəfdaş ölkə kimi hörmət edilir və dövlətimizin sürətlə artan gücündən çox narahat olan qüvvələr var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə dövlətimiz beynəlxalq aləmdə çox böyük nüfuza malikdir: “Bu isə Azərbaycana qarşı fobiyası olan ermənipərəst qüvvələrdə xüsusilə dərdi başından aşan Fransa kimi ölkələri və Makron kimi dövlət başçılarını çox narahat edir və onlar ölkəmizə qarşı açıq aşkar qərəzli mövqe göstərirlər. Bu qüvvələrin məqsədi içimizdə olan, milli satqınların əli ilə regionda söz sahibi olan ölkəmizdə xaos və müxtəlif təxribat törətmək və milli birliyimizi sarsıtmaqdır. Məqsəd isə dövlətimizi və xalqımızı əsas məqsədindən yayındırmaqla, Ermənistanla münasibətlərin normallaşma prosesini pozmağa və yeni bir münaqişənin yaranmasına nail olmaqdır. Heç şübhəsiz ki, Söyüdlüdə baş vermiş hadisələrdə də bu qüvvələrin dəsti xətti var. Etiraf edək ki, Söyüdlüdə baş verən insidentdə hər iki tərəfin də müəyyən səhvlikləri olub. Amma bu tərəflərin hər ikisi də bizimdir. Polis də bizimdir, uzun illərdir təcavüzkar Ermınistanla sərhəddə öz torpaqlarının keşiyində olan Söyüdlü kənd sakinləri də bizimdir. Buna görə də baş vermiş hadisəyə ancaq Azərbaycanın qanunvericiliyi çərçivəsində qiymət verilə bilər”.
Onun sözlərinə görə, hər kəs bilməlidir ki, o dövlətin qanunlarına tabe olmalıdır: “Tabe olmaq istəməyən özünə yaşamaq üçün başqa ölkə seçə bilər. Əlbəttə polis də ancaq zəruri hallarda göstəriş verildiyi halda sərt tədbirlər icra edə bilər. Ola bilsin ki, baş vermiş hadisələr zamanı təhlükənin qarşısını almaq məqsədilə polis sərt tədbirlər tətbiq etmək məcburiyyətində olub. Əminik ki, baş verən olaylarla bağlı yaranmış hökümət komisiyası ən qısa zamanda ictimaiyyətə ətraflı məlumat verəcək”.
Ramid İbrahimov
















