2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir. Elə həmin il ÜST insultu qlobal epidemiya elan edib. Beynəlxalq İnsultla Mübarizə Təşkilatı 2006-cı ilin oktyabrında təsis olunub. Onun 85 ölkədən 3,5 mindən çox fərdi və 60-dan çox kollektiv üzvü var. Təşkilatın təşəbbüsü ilə həmin ildən İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb. Dünyanın 40 ölkəsində oktyabrın 29-u Ümümdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.
Təəssüf ki, çox vaxt nə xəstələr, nə də onların ətrafındakılar xəstəliyin əlamətlərini hiss etmirlər.
Türkiyənin İstinye Universiteti liv Xəstəxanası Nevrologiya Fakültəsi İnsult Mərkəzində çalışan həmyerlimiz, Nevrologiya və İnvazi Nevrologiya Uzmanı Dr. Vüqar Cəfərin Bakıvaxtı.az üçün hazırladığı yazını təqdim edirik:
İnsult və ya beyin işemiyası beyinə gedən damarların qəfil tıxanmasıdır və buna "beyin infarktı" da deyə bilərik.
İnsult hələ də dünyada əlilliyə səbəb olan xəstəliklər arasında birinci yerdə olmağına baxmayaraq, insanlar bu barədə kifayət qədər məlumatlı deyillər.
Dünyada hər il təxminən 17 milyon insan insult keçirir və onlardan 6 milyonu ölür. Proqnozlara görə, hər 4 nəfərdən 1-i insult keçirəcək, ancaq demək olar ki, bütün insultların qarşısı alına bilər.
İnsult özünü qollarda və ayaqlarda birtərəfli zəiflik və yaxud uyuşma, nitqdə çətinlik və pozğunluq, üz asimmetriyası, ikiqat görmə, balanssızlıq və şüurun dəyişməsi kimi əlamətlərlə özünü göstərir. Bu əlamətlərdən biri görünərsə, mütləq həkimə müraciət edilməli, qan dövranı tıxanmış damar nahiyəsində tıxanıqlıq bərpa olunmalıdır. Mümkün olan ən qısa zamanda müalicəyə başlamaq lazımdır.
Son 20 ildə inkişaf etdirilən yeni müalicə üsulları ilə insult artıq müalicə edilə bilən bir xəstəlikdir. İlk 4,5 saat ərzində edilən damar tıxanıqlığına müdaxilələr sayəsində xəstənin insultun təsirlərinə daha az məruz qaldığı və bu xəstəliyə görə əlillik və ölüm nisbətində azalma olduğu müşahidə edilib. Müalicə ala bilən hər 4-5 xəstədən biri sağalarkən, müalicədən qanaxma riski 5% təşkil edir. Müalicə nəticəsində istifadı olunan dərmana bağlı qanama çox nadir hallarda olsa da, bəzən ölümcül ola bilər.
Tıxalı olan damarın açılması terapiyası faydası sübut edilmiş və bütün dünyada tətbiq olunan bir müalicə üsuludur. Müalicə ala bilməyən xəstələrin 1/3-də ölüm, 1/3-də isə ciddi əlillik riski var.
Uyğun xəstələrdə laxtanın həllinə yönəlmiş müalicə ilə yanaşı, angioqrafiya ilə damardan trombüs yeni laxtanın çıxarılması da müalicə də tətbiq edilir. Trombektomiya və ya embolektomiya dediyimiz bu əməliyyat əsasən ilk 6 saat ərzində icra edilir və bəzi xəstələrdə 24 saata qədər icra oluna bilir. Bu müalicə üçün xəstə anju bölməsinə aparılır. Qasıq nahiyəsinə və tıxanmış beyin damarına bir kateter ilə çatılır və müxtəlif alətlərlə laxtalanma çıxarılmağa çalışılır. Bu prosedur bir neçə saat çəkə bilər və nevroloqlar tərəfindən həyata keçirilməlidir.
Trombektomiya dünyada insult sahəsində inkişaf etdirilən ən son müalicə üsuludur və mərkəzdən mərkəzə dəyişsə də müvəffəqiyyət nisbəti 70%-ə qədər yüksəlir.
İnsult ən çox rast gəlinən, lakin əslində qarşısı alına bilən ən vacib nevroloji xəstəlikdir. İnsultdan qaçmaq istəyiriksə, ilk addım fərdi risk faktorlarını anlamaqdır. İnsult üçün ən mühüm risk faktorları tütün istifadəsi, qeyri-sağlam qidalanma və qeyri-kafi fiziki fəaliyyətdir.
Bu risk faktorları yüksək qan şəkəri (diabet), yüksək qan təzyiqi (hipertoniya), qan yağlarının yüksək olması (hiperlipidemiya) kimi ciddi problemlərə yol açır. Digər risk faktorları - metabolik sindrom (bel ətrafında piy, yüksək qan yağları, yüksək qan təzyiqi, yüksək qan şəkərinin bir arada olması), xroniki stress, nizamsız ürək ritmi, doğuşa nəzarət həbləri, bəzi hormon dərmanlarının istifadəsidir.
29 oktyabr Ümumdünya İnsult Günündə insultun tezliyi, səbəbləri və müalicəsi ilə bağlı məlumatlandırmaq məqsədi ilə hazırladığımız bu yazıda erkən diaqnozun həyat qurtardığını, vaxt və dəqiqələrin çox vacib olduğunu xatırlatmaq istərdim.
Mən "Zaman beyindir" deyirəm.
İnsult və onunla əlaqəli iflic sizin taleyiniz deyil.
Trombektomiya həyatı xilas edir.
















