Terapevt və dietoloq Elvira Fasenko gündəlik duzun həddindən artıq qəbulunun beyin sağlamlığı üçün təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, artıq duz beyində qan dövranını pozur, arterial təzyiqi yüksəldir və damar mənşəli demensiya riskini artırır.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, beyin yüksək enerji tələb edən orqan olduğu üçün neyronların fasiləsiz qan və oksigenlə təminatı vacibdir. Lakin çox duz damarların daralmasına səbəb olaraq bu prosesi çətinləşdirir.
Yaş artdıqca risklərin daha da yüksəldiyini vurğulayan Fasenko bildirib ki, duzlu qidalanma yalnız ürəyə deyil, eyni zamanda beyin funksiyalarına da mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı gündə maksimum 5 qram duz qəbulunu tövsiyə edir, lakin insanlar orta hesabla 9-15 qram duz istehlak edir. Əksər duz isə hazır məhsullardan - çörək, pendir, souslar, kolbasa və yarımfabrikatlardan qaynaqlanır.
Fasenko əlavə edib ki, yüksək duza öyrəşən orqanizmdə dad reseptorları zəifləyir və insanlar getdikcə daha çox duz əlavə etməyə meylli olurlar. Bu isə iltihabi prosesləri gücləndirir, oynaqlara, mədəyə və böyrəklərə ziyan vurur. Onun sözlərinə görə, duzun beyinə təsiri isə daha sürətli hiss olunur.
Həkim məsləhət görüb ki, duz qəbulunu məhdudlaşdırmaq beyin funksiyalarının uzun müddət sağlam qalmasına kömək edəcək.