Məlumdur ki, pandemiya dövründə ən çox zərər çəkən sahələr turizm və otelçilik oldu. Hətta neçə-neçə otel zərərin altından çıxa bilmədiyi üçün bağlandı. Bəs belə çətin vəziyyətdə bu sahələrin dirçəlməsi üçün dövlətin xüsusi proqramı var?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:

Doğrudan da, pandemiya dövründə dünyada, o cümlədən, Azərbaycanda ən çox zərər görən sahə turizm, otelçilikdir. Bəzi turistlik ölkələrdə yeni-yeni dirçəlmə baş verir, otellərə gedənlərin sayı artır. Amma delta ştammı ilə əlaqəli yenidən dünyanın müxtəlif ölkələrində qapanma ilə bağlı müzakirələrin açıldığının da şahidi oluruq. Təəssüf ki, pandemiyanın başlamasından il yarım keçməsinə baxmayaraq, dünya hələ də qapanmaları müzakirə edir. Halbuki artıq virusla birgə yaşamağın yollarının tapılması ilə bağlı addımların atılması da yararlı olardı. Azərbaycan hökumətinin bu sahə ilə bağlı ciddi dəstək proqramı yoxdur. Sadəcə, misal üçün, Şahdağda yerləşən otel zənciri kimi dövlətdən dotasiya alan iri otel zəncirləri var. Təəssüf ki, bu sahədə çalışan, xüsusilə kiçik-orta sahibkarlara ciddi dəstək olmadı. Nəticə etibarilə, indi hamımız, Azərbaycan vətəndaşları regionlardakı qiymətlərdən narazıyıq. Doğrudan da, otellərin qiyməti çox yüksəkdir. Amma bunun səbəbi də var. Səbəbi odur ki, keçən il, demək olar, işləməyiblər. Bu il nə vaxta qədər işləyəcəkləri də bəlli deyil. Ona görə də, kiçik-orta sahibkarlar və otel sahibləri xidmətlərini daha yüksək qiymətə təklif etməyə çalışırlar. Çünki həm keçən ilki ziyanı qapatmağı düşünürlər, həm də gələcəkdə işləyib işləməyəcəkləri sual altındadır. Ona görə, qiymətlərin baha olmasının bir səbəbi də dövlət yardımının olmaması və gələcəklərini görməmələri ilə bağlıdır. Dediyim kimi, təəssüf ki, belə bir proqram yoxdur, amma hərtərəfli inkişaf və dəstək proqramının olması bu sahədə çalışan kiçik-orta sahibkarlığa böyük dəstək olardı.
Aytac Aslan















