Gələn il 150 illik yubiley yaşını tamamlayacaq milli mətbuatımızın 90 ilinə şahidlik etmiş qəzet ölkəmizdə maarifin, milli-mənəvi dəyərlərin təbliğində yüksək peşəkarlıq göstərərək nəşr olunduğu bütün dövrlərin salnaməsini yarada bilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi üçün təbrik nitqində yer alıb.
Ə.İsmayılov qeyd edib ki, “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yol isə milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir.
O, “Azərbaycan müəllimi” qəzetinin zəngin təcrübəsindən çıxış edərək maarifçilərin müasir məktəb və mədəni tərəqqi uğrunda apardıqları mübarizədən söz açıb:
“Azərbaycan ziyalılarının başladığı maarifçilik hərəkatının vacib prinsipləri olan məktəbin, maarifin təbliği “Azərbaycan müəllimi” qəzetinin toxunduğu mövzular içərisində daim prioritet təşkil etmiş və bu gün də öz tarixi irsinə, prinsiplərinə sadiqlik redaksiya tərəfindən yaradılan kontent nümunələrində özünü qoruyub saxlamaqdadır. “Azərbaycan müəllimi” qəzetinin yaratdığı 90 illik zəngin salnaməyə nəzər saldıqda Firidun bəy Köçərlinin, Məhəmməd ağa Şaxtaxtlının, Teymur bəy Bayraməlibəyovun, Məhəmməd Tağı Sidqinin, Hənifə xanım Məlikovanın, Badisəba xanım Köçərlinin və digər fədakar maarifçilərin müasir məktəb və mədəni tərəqqi uğrunda apardıqları mübarizənin izlərini görə bilərik”.
Ə.İsmayılov sözügedən qəzetin onlayn platformada da fəaliyyətini yüksək qiymətləndirərək onun davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyi haqqında rəğbətlə danışıb:
“Texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun almışdır. Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur. Bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir”.