Son günlər şəkər tozunun qiymətində artım müşahidə olunur. Belə ki, mövcud marketlərdə şəkər tozu 1 kiloqramı 1 manat 40 qəpiyə satılır. Qiymət artımı ilə yanaşı, bəzi mağazalarda şəkər tozu qıtlığı yaranıb.
Problemin səbəbi və həlli yollarından danışan iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, qıtlıq daha çox son günlər Azərbaycandan Rusiyaya şəkər tozunun ixracatı ilə əlaqəlidir: “Çünki Rusiyada qiymətlər kəskin bahalaşdı. Demək olar ki, qiymətlər əvvəlki ilə müqayisədə 4-5 dəfə artıb. Bu gün Rusiyada şəkər tozunun qiyməti Azərbaycanda olan qiymətlərdən 3-4 dəfə bahadır. Ona görə də Azərbaycandan Rusiyaya şəkər tozu ixracatını müşahidə elədik”.
Ekspertin sözlərinə görə, bunun nəticəsidir ki, bizim bazarda da müəyyən problemlər yaranıb və qiymət artımının şahidi olduq: “Azərbaycan höküməti bununla bağlı qərar verməlidir. Daxili bazarın qorunması üçün strateji məhsulların ölkədən ixrac olunmasına bir müddətlik qadağa qoyulmalıdır".
N.Cəfərli qeyd edib ki, bununla bağlı müəyyən qərarlar olsa da, bu siyahının uzadılmasına ehtiyac duyulur.
Nuranə Daxilqızı
















