Bir müddətdir sosial şəbəkələrdə İranda mollaların əmmamələrinin aşağı salınması ilə bağlı aksiyalar paylaşılır.
Bakıvaxtı.az xəbər verir ki, İranda başını düzgün örtmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 13-də ölümündən sonra etirazlar ikinci ayına yaxınlaşır.
İranda nümayişlərdə hicablarını çıxaran qadınlar və gənclərin “Qadınlar, həyat, azadlıq” şüarı ilə küçələrdə rastlaşdıqları mollaların əmmamələrini yerə salması nümayişlərin simvoluna çevrilib.
Yolda gördükləri mollaların əmmamələrini yerə ataraq bu anları mobil telefonlarına lentə alan fəalların bu hərəkəti qısa zamanda trendə çevrilib. TikTok, İnstaqram və “Twitter” kimi bir çox sosial media platformalarında gənclərin mollaların əmmamələrini vurub yerə salması videoları paylaşılır. Gənclər arasında bu aksiya İrandakı dini rejimə istinad edilərək devrilmə mesajı kimi qəbul edilir.
Ekspertlər bu fikirdədirlər ki, kişilərlə yanaşı qadınların da fəal iştirak etdiyi nümayişlərdə “hamı üçün azadlıq”ın vurğulanması ölkədəki müxtəlif etnik və dini qrupları İran administrasiyasına və onun simvollarına qarşı birgə hərəkət etməyə sövq edib. zülmkar bir rejim kimi görünür. Digər diqqətçəkən amil isə çoxlu sayda ölü və məhbus olmasına baxmayaraq etiraz nümayişlərinin davam etməsidir.
Beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölənlərin sayı 300-ü keçdiyi halda, təxminən 15 min adamın həbsdə olduğu bildirilir. Əsasən mühafizəkar olan İranda 290 yerlik parlamentdə 227 deputatın həbsdə olan bəzi nümayişçilərə edam cəzası verilməsinə qərar verdiyi bildirilir.
İranın baş hakimi Qulam Hüseyn Möhseni-Ejei Ali Məhkəmə Şurasının iclasında parlamentin onun tələbini qəbul etdiyini və bəzi etirazçıların qisas prinsipi və ya qisas qanunu əsasında edam oluna biləcəyini bildirib.
Aytac Aslan

















