• Bakı 10° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Ənənədən müasirliyə: Novruz bu gün necə yaşadılır?

MƏDƏNİYYƏT

19 Mart 2026 | 11:05

Ənənədən müasirliyə: Novruz bu gün necə yaşadılır?

İldən-ilə sosial vərdişlər, məsrəflər və insanların gündəlik həyatı dəyişsə də, milli adət-ənənələrimizin cəmiyyətdəki yeri müzakirə mövzusu olaraq qalır. Xüsusilə Novruz bayramı kimi köklü bayramların bu gün nə dərəcədə əvvəlki aktuallığını qoruyub saxlaması tez-tez sual olunur.

Bəzi insanlar Novruzu milli yaddaşın ayrılmaz hissəsi hesab edir və adətlərin yaşadılmasını zəruri sayır, digərləri isə onun icra formalarının zamanla dəyişdiyini düşünür.

Bəs Novruz adətləri bu gün necə yaşadılır? Ənənələrin icrasında hansı dəyişikliklər müşahidə olunur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sənətşünas Əsəd Quliyev deyib ki, Novruz aktualdır və hər zaman da aktual olaraq qalacaq:

"Bu bayram o qədər gözəldir ki, milli-mənəvi yaddaşımızda dərin iz buraxıb. İslamın yaranmasından sonra da öz aktuallığını itirməyib. İslamdan əvvəlki bir sıra bayramlar unudulsa da, Novruz islam dininə yaddır demək doğru olmaz - bu bayram islam dövründə də qəbul olunub və yaşadılıb. Novruz “yeni gün” deməkdir və çox zəngin atributlara malikdir".

Onun sözlərinə görə, çərşənbələrimiz xüsusi rəngarəngliklə qeyd olunur:

"Xalq ənənələri hamısı bu gün də yaşayır. Evlərdə milli nemətlər bişirilir, bir sözlə, Novruz həm evlərimizdə, həm də küçələrimizdə öz ab-havasını yaradır. Bu il bayramın Ramazan ayına təsadüf etməsi də gözəl bir harmoniya yaradır. Bunun nəyi pis ola bilər ki? Novruz sülhün, gözəlliyin bayramıdır".

Əsəd Quliyev: Novruz sülhün, gözəlliyin bayramıdır

Həmsöhbətimiz vurğulayıb ki, xalqımızın mənəviyyatında bu bayramla bağlı saysız-hesabsız poeziya nümunələri var:

"Rəssamlarımız da Novruz mövzusunda dəyərli əsərlər ərsəyə gətiriblər. Sovet dövründə belə, bu bayramın yenidən qeyd olunmasına şərait yaradanlardan biri də Şıxəli Qurbanov olub. Novruz saf, ülvi hislərlə zəngin bayramdır. Bayramlaşma ənənəsi də bu günə kimi yaşayır. Dünən axır çərşənbə də yüksək səviyyədə qeyd olundu".

Müsahibimiz vurğulayıb ki, elmi tərəqqi, qloballaşma bu ənənələrə təsir etmir və edə də bilməz:

"Biz bu bayramla fəxr etməliyik. Türk dünyasının hər yerində qeyd olunur, UNESCO səviyyəsində tanınıb. Musiqimizdə də Novruzla bağlı əvəzolunmaz ifalar var. Bu bayram dövlət səviyyəsində də qeyd olunur və öz dəyərini heç vaxt itirmir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Mart 2026