Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək seçkidə konstitusiyada yer alan xüsusi müddəaya əsasən ardıcıl üçüncü dəfə prezidentliyə namizəd olmaq imkanı əldə edə bilər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Anadolu agentliyinə Türkiyə liderinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum bildirib.
O izah edib ki, parlament və prezident seçkisinin planlaşdırılmış tarixi bəzi müşahidəçi və analitiklərin iddia etdiyi kimi 14 may deyil, 7 may 2028-ci il hesab olunmalıdır:
"Seçki beşillik səlahiyyət müddəti bitməmiş keçirilməlidir. Son ümumi seçki 14 may 2023-cü ildə keçirildiyi üçün növbəti seçki 14 may 2028-ci ildən əvvəlki bazar gününə təsadüf edir. Yəni 7 may 2028-ci ilə".
Baş müşavir xatırladıb ki, hazırda seçkinin daha erkən tarixdə - 16 aprel 2028-ci ildə keçirilməsi variantı müzakirə olunur:
"Təklif etdiyimiz 16 aprel 2028-ci il tarixi siyasi və ictimai baxımdan növbədənkənar seçki deyil. Bu, sadəcə olaraq planlaşdırılmış seçkinin üç həftə əvvələ çəkilməsidir. Müvafiq qərar parlament tərəfindən qəbul edilir və səsverməyə üç həftə qalmış yox, 9-15 fevral 2028-ci il aralığında verilə bilər".
Onun sözlərinə əsasən, belə olan təqdirdə ali qanunvericilik ardıcıl iki dəfə hakimiyyətdə olmuş Ərdoğana üçüncü dəfə seçkiyə qatılmaq hüququ tanıyır:
"Konstitusiya iki prezidentlik müddəti məhdudiyyəti müəyyən edir. Lakin bu qaydadan bir istisna var: əgər parlament ikinci prezidentlik müddəti zamanı yeni seçkinin keçirilməsi barədə qərar qəbul edərsə, iki müddət işləmiş şəxs üçüncü dəfə namizədliyini irəli sürə bilər. Hüquqi olaraq buna müstəsna namizədlik deyilir və bu konstitusiyada açıq şəkildə öz əksini tapıb".
Bununla yanaşı, Uçum seçkinin daha erkən tarixə çəkiləcəyi təqdirdə yarana biləcək bu vəziyyəti düzgün başa düşməyə və burada konstitusiya mətni ilə manipulyasiya cəhdləri axtarmamağa çağırıb. O həmçinin xatırladıb ki, səsvermə tarixinin bir neçə həftə əvvələ çəkilməsi təcrübəsi Türkiyədə əvvəlki illərdə də tətbiq olunub və bu, növbədənkənar seçkinin keçirilməsi demək deyil. Onun sözlərinə görə, parlamentin müvafiq qərarı ölkədə hər hansı müstəsna şərait və ya fövqəladə vəziyyətlə bağlı olmaya da bilər:
"Əminliklə gözləmək olar ki, növbəti ümumi seçki 2028-ci ildə planlaşdırılan müddətdə keçiriləcək, lakin bir qədər erkən tarixə çəkiləcək. Bu seçki prezidentimiz Ərdoğana konstitusiyadakı müddəaya uyğun olaraq sonuncu dəfə posta namizəd olmaq imkanı verəcək".
Bakı 


