• Bakı 23° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Ermənistan KTMT-ni saymır: İrəvanı nə gözləyə bilər?

SİYASƏT

01 Iyul 2025 | 12:14

Ermənistan KTMT-ni saymır: İrəvanı nə gözləyə bilər?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avrasiyadakı qonşularından və müttəfiqlərindən üz döndərmək qərarına gəlsə, Ermənistana heç bir faydası olmayacaq.  Diplomat vurğulayıb ki, Rusiya Ermənistanın hakim dairələrinə təzyiq etmir və bir sıra məsələlərdə aydınlıq gözləyəcək.

Onu da qeyd edək ki,Ermənistan 2024-cü ildə KTMT-nin Qırğızıstandakı təlimlərində də iştirakdan imtina edib. Həmçinin 2025-ci ilin martında Ermənistan hökuməti KTMT katibliyini təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarı barədə xəbərdar edib.

Ermənistanın KTMT-dən imtina etməsi Rusiya ilə siyasi münasibətlərinə necə təsir edəcək? Lavrovun açıqlamasına əsasən, Ermənistanı hansı ziyan gözləyə bilər?

Politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistana bu səpkili xəbərdarlıqlar Rusiyanın ayrı-ayrı rəsmiləri tərəfindən mütəmadi olaraq səsləndirilir. Sergey Lavrovdan öncə onun müavini Aleksandr Pankin, ondan əvvəl isə Baş nazirin müavini Aleksey Overçuk müvafiq bəyanatlarla çıxış ediblər:

"Əslində Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlük proseduruna başlamasından narahatlıq keçirməsi başadüşüləndir. Rusiya yaxşı anlayır ki, KTMT-də üzvlüyün dondurulması zamanla Ermənistanın bu qurumdan tamamilə çıxmasına və gələcəkdə öz ərazisində Rusiya hərbi bazaları ilə bağlı hansısa addımlar atmasına rəvac verə bilər. Bu isə "Rus əsgərinin ayaq basdığı hər yer Rusiya ərazisidir" deyən Putin hakimiyyəti üçün heç bir halda qəbul edilən deyil. Ona görə də ayrı-ayrı Rusiya rəsmiləri Ermənistana özündə təzyiqi ehtiva edən xəbərdarlıq mesajları göndərir. Bir müddət əvvəl Rusiya XİN-nin müavini Pankin bəyanatla çıxış edərək dedi ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq və müvafiq qərarlar qəbul olunacaq".

Y.Bağırzadə hesab edir ki, indiki şəraitdə nə Rusiyanın Ermənistanı KTMT-dən uzaqlaşdıracağı, nə də Ermənistanın belə bir qərar qəbul edəcəyi gözlənilir.

"Ermənistan hələ də rəsmi olaraq KTMT üzvü olaraq qalırsa, müvafiq üzvlük haqqı ödənişlərini etməli və KTMT-nin tədbirlərində də iştirak etməlidir. Lakin məsələ burasındadır ki, KTMT Nizamnaməsində bu məsələ üzv ölkələrin öhdəlikləri kimi göstərilsə də, öhdəliyin yerinə yetirilməməsi halında hansı addımların atıla biləcəyi ilə bağlı konkret bir şey göstərilməyib. İkinci bir tərəfdən Ermənistanı bu hərbi alyansdan çıxarmaq onu Qərbə daha çox itələmək demək olar və təbii ki, Rusiya bunu istəmir.

Yusif Bağırzadə: Ermənistanı bu alyansdan çıxarmaq onu Qərbə daha çox itələməkdir

Ermənistan özü də indiki mərhələdə KTMT üzvlüyündən çıxmağa tələsmir. Sadəcə fəaliyyətini dondurmaqla, özləri üçün Qərbin dəstəyini təmin edir. Qərbdən həm maliyyə, həm də silah və texnika alır. Digər tərəfdən isə Rusiyanı qıcıqlandırmamaqla üzərlərinə gələ biləcək təzyiqləri minimallaşdırır. Odur ki, ən azından seçkilərə qədər Ermənistan tərəfindən belə bir addımın atılacağı inandırıcı deyil", - müsahibimiz izah edib.

Politoloq onu da qeyd edib ki, gələcəkdə belə bir hal baş verəcəksə, təbii olaraq Ermənistan Rusiyanın sərt təzyiqləri ilə üzləşməli olacaq. Bura təxribatlardan tutmuş, Ermənistana qarşı iqtisadi təzyiqlərə qədər hər şey daxildir:

"Paşinyan bunları bildiyi üçün, xüsusilə də Rusiyadan gələ biləcək iqtisadi təzyiqlər səbəbilə indi Türkiyə ilə maksimum şəkildə tez bir zamanda münasibətləri bərpa etmək istəyir. Çünki Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtara biləcək tək region ölkəsi Türkiyədir".

Gülşən Şərif


SON XƏBƏRLƏR