• Bakı C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Azərbaycan qadını – Zəfərin zərif gücü - Əkbər Qoşalı yazır 
YAZARLAR
08 Mart 2026 | 16:20

Azərbaycan qadını – Zəfərin zərif gücü - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

Uzun illərdir Azərbaycan təqvimində qadınlara özəl, beynəlxalq xarakterli bir gün var: 8 Mart. Bu günə yüklədiyimiz anlam həm sosial vicdanı, həm də cəmiyyətin özünə baxışını göstərir. Bu gün biz Azərbaycan qadınına yalnız gül-çiçək təqdim etmirik – biz onlarla tariximizin məsuliyyətini, mədəni irsimizin dəyərini, Zəfərimizin qürurunu və gələcəyimizin mənəviyyatını bölüşürük.

Azərbaycan qadını tarix boyu ailənin, eləcə də dövlətin mənəvi dayağı olub. Dədəm Qorqud adına bağlı dastanımızda qadın obrazı kölgədə qalmır – o, necə deyərlər, meydandadır, hadisələrin ocağındadır. Biz Azərbaycan qadınını taleyin sadəcə izləyicisi kimi görmürük; o, taleyimizin həm qurucusu, həm də daşıyıcısıdır. Tomrisin iradəsi, Möminə Xatunun siyasi müdrikliyi, Sara Xatunun diplomatik uzaqgörənliyi bu həqiqəti bir daha təsdiqləyir.

Gündoğarda qadına ilk seçki hüququnu verən – qadın haqlarına baxışda yüksək mədəniyyət hadisəsinin müəllifi – məhz biz olmuşuq. Bu isə, əlbəttə, təsadüfi deyil. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti qurularkən, dünyanın bir çox ölkəsində qadınlara belə hüquq hələ tanınmamışdı.
Bu faktı biz Azərbaycan siyasi düşüncəsinin yüksək mədəni səviyyəsinin göstəricisi kimi dəyərləndirə bilərik.

Bu gün həmin xətt davam edir – qadınlarımız dövlət idarəçiliyində, parlamentdə, icra hakimiyyətində, məhkəmə sistemində, ali və orta məktəblərdə, orduda, səhiyyədə, sahibkarlıqda, diplomatiyada və bir çox başqa sahələrdə söz sahibidir. Burada söhbət yalnız statistik göstəricilərin artmasından getmir – əsas dəyişiklik təfəkkürdə baş verib.

Yəni dövlət qadın siyasəti ənənədən sistemə keçərək sabit və ardıcıl bir xəttə çevrilib.

Qadın siyasətinin dövlət siyasətinin ayrılmaz istiqaməti kimi formalaşdırılması çağdaş Azərbaycanda Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında Fərmanın imzalanması bu sahədə sistemli yanaşmanın başlanğıcı oldu.

Bu siyasəti yeni mərhələyə Prezident İlham Əliyev daşıdı. 2006-cı ildə qəbul olunan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun və 2010-cu ildə qüvvəyə minən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun yalnız hüquqi sənədlər deyil, eyni zamanda ictimai şüurun transformasiyasının göstəriciləridir.

2026–2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı isə artıq yeni dövrün çağırışlarına – rəqəmsallaşma, iqlim dəyişiklikləri və əmək bazarında rəqabətlilik kimi məsələlərə cavab verir. Zaman dəyişir, qadın siyasəti də zamanla birgə dəyişərək inkişaf edir.

Bax, məhz bu məqamda “yumşaq güc” anlayışına xüsusi vurğu etmək yerinə düşür. Bu gücün zərif siması – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva humanitar diplomatiyamızın parlaq təcəssümüdür.
Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr Azərbaycanı dünyaya mədəniyyət, mərhəmət və dəyər dili ilə tanıdır.

Bu gün qadın liderlik modeli rəqəmsal transformasiya və innovasiya mühitində də özünü göstərir. Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi qadın liderliyinin yeni mərhələsini – humanitar düşüncə ilə texnoloji baxışın vəhdətini ifadə edir.

***
Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qadınının missiyası daha da genişlənmişdir.

Azərbaycan qadını
şəhid anası kimi yüksək təmkinin rəmzidir,
zabit kimi xidmət edir,
müəllim kimi azad edilmiş torpaqlarda yeni nəsli yetişdirir,
sahibkar kimi Qarabağda yeni iqtisadi həyat qurur.

Xankəndidə, Xocalıda həyata keçiriləcək layihələr, digər bölgələrdə yaradılan liderlik məktəbləri və rəqəmsal bacarıq proqramları göstərir ki, qadın artıq yalnız iştirakçı deyil – təşəbbüskar və istiqamətverici qüvvədir.

Bəli, Azərbaycan qadını haqqında danışarkən onu yalnız romantik obraz kimi təqdim etməməliyik. O, nə təkcə zəriflikdir, nə də yalnız fədakarlıq. Azərbaycan qadını bu gün bütün fəaliyyət sahələrində özünəxas nüfuz və söz sahibi olan güclü ictimai simadır.

Azərbaycan qadını haqqında danışarkən biz təkcə tarixdən və milli-mədəni irsdən söz açmırıq – eyni zamanda gələcəyin vicdanına üz tutur, sabaha səslənirik.

Qadınlarımızın hər günü bayram olsun!


SON XƏBƏRLƏR

08 Mart 2026