"YUĞ” Dövlət Teatrı beynəlxalq festivaldan qayıdıb. Yaradıcı kollektivin truppası Qazaxıstan Respublikasının Taldı-Kurqan şəhərində düzənlənən ənənəvi “BİKEN” Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.
Bu barədə Bakıvaxıi.az-a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov məlumat verib.
Direktorun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) himayəsi ilə keçirilən beynəlxalq teatr festivalı bu il Qazaxıstanın görkəmli sənətçisi, Xalq artisti Biken Rimovoyun anadan olmasının 100 illik yubileyinə həsr olunub. Sentyabrın 29-dan start götürən bu sənət yarışması oktyabrın 4-dək davam edib və tamaşalar B. Rimovoy adına Taldı-Kurqan Dram Teatrının səhnəsində oynanılıb.
Türkdilli dövlətlərin tanınmış teatr kollektivlərinin qatıldığı festivalda YUĞ” Dövlət Teatrı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırlanan “Toy dəstgahı” tamaşası ilə çıxış edib. Teatrın rejissoru Günay Səttarın quruluş verdiyi səhnə əsərində Xan və Xanım çaydan zəhərləndiyinə görə hadisənin günahkarları axtarılır. Alleqorik personajlar baş verən bu olayı öz aralarında araşdırmağa başlayır və günahsız birini ittiham edirlər. Sonda günahsız qurban verilir.
“Toy dəstgahı”nda rolları Təranə Ocaqverdiyeva, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova ifa ediblər. Ölkəmizi beynəlxalq teatr festivalında təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.
Xatırladaq ki, “YUĞ” Dövlət Teatrının Qazaxıstan Respublikasına səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Nərgiz Məmmədli


















