“Fransada Azərbaycan səfirliyinə erməni daşnaqlarının hücumunu qətiyyətlə pisləyirəm”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, maraqlı faktdır ki, ermənilər Fransadakı səfirliyimizin qapısını sındırmaq istəyir, bir polis də yaxınlaşmır, müdaxilə etmir: “Beynəlxalq qaydaları, diplomatların statusu haqqında Vyana Kovensiyasını bu qədər ayaqlayıb tapdalamaq olmaz. Eyni cür basqını İngiltərədəki səfirliyimizə qarşı da ediblər. Bütün bunların hamısı Azərbaycana qarşı doğrudan da ikili standartların həyata keçirildiyinin şahidi oluruq. Əgər Fransa höküməti və Xarici İşlər Nazirliyi bu vandalizmi pisləmirsə, etirazını bildirmirsə, təbii ki, Azərbaycan-Fransa münasibətləri də zərər görmüş olur”.
R.Nurullayev bildirib ki, Gürcüstanda da erməni daşnaqları Azərbaycan səfirliyinə hücuma keçdi, lakin gürcü polisi onları səfirliyin yanına da buraxmadı: “Necə olur ki, Gürcüstan kimi kiçik bir dövlətdə bunun qarşısını ala bilirlər, amma Fransa bununla bağlı addım atmır".
Deputat onu da qeyd edib ki, istər ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi bəyanat, istərsə də Fransada baş verən hadisə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etmir: "Nə ABŞ, nə Fransa Ermənistanla Azərbaycan münaqişəsinin həllini tapmasında və sərhədlərin müəyyənləşməsində heç də maraqlı deyillər”.
Nuranə Daxilqızı
















