• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gəliriniz artacaq, üstəlik, həyatınız da sığortalı olacaq - Həyatın yaşam sığortası 

CƏMİYYƏT

10 May 2023 | 15:27

Gəliriniz artacaq, üstəlik, həyatınız da sığortalı olacaq - Həyatın yaşam sığortası

Bəlkə də Azərbaycanda ən çox işlədilən atalar sözlərindən biri budur: “Cana gəlincə, mala gəlsin”.

Bu, birini sakitləşdirərkən olduqca təsirli atalar sözüdür. Əgər bir insanın başına bədbəxt hadisə gəlibsə, ona təsəlli vermək üçün bu atalar sözündən istifadə edirlər.

Amma “Cana gəlincə, mala gəlsin” atalar sözünü “Sağlıq olsun” atalar sözü ilə əvəz edə bilərsiniz. Çünki həyatın yaşam sığortası var. Bu elə sığorta növüdür ki, həm həyatınızı sığortlayır, həm də gəlirinizi artırır.

Üstünlükləri...

Sığortalısınızsa, əməkhaqqından çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Bəli, əməkhaqqının müəyyən hissəsini hər ay həyatın yaşam sığortasına yönləndirməklə 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz vergi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda sizə əmanət faizi də ödəyirlər. Yəni əməkhaqqından əlavə gəlir əldə edirsiniz. Üstəlik, həyatınız da sığortalı olur.

Bu sığorta növu yalnız öz həyatınızı sığortalamaq imkanı yaratmır, həmçinin yaxınlarınızın gələcəyini təmin etmək üçün vəfat etdikdə yaxınlarınızın, əlil olduqda isə sizin və yaxınlarınızın həyat səviyyəsini qoruyan sığorta məhsuludur. Həyatın yaşam sığortası məhsulları sizə bu gün və gələcəkdə qarşılaşa biləcəyiniz risklərə qarşı tədbir görməyə, gələcəyinizi əmanət etdiyiniz övladlarınızı və ailənizi qorumağa imkan verir.

Qanun nə dəyir?  

Həyatın yaşam sığortası Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanunun müvafiq müddəaları ilə tənzimləndiyinə görə bütün şirkətlərdə hesablama metodologiyası demək olar ki eynidir.

Həyatın yaşam sığortasına qoşulmaq üçün minimal məbləğ 50 manat, maksimal məbləğ isə aylıq gəlirinizin 50 %-i həcmindədir. Sığorta müqaviləsi 3 ildən az olmayan müddətə bağlanılır və bu müddətdə sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Həyatın yaşam sığortasına maraq artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan Mərkəzi Bankının sığorta ilə bağlı 2023-cü ilin ilk rübünə dair icmalına nəzər salanda hesabat dövrü ərzində sığorta sektorunda tətbiq olunan bütün növ və siniflərdə kompleks böyümənin qeydə alındığını görürük.

“Konkret rəqəmlərə toxunsaq deyə bilərəm ki, müvafiq dövr ərzində sığorta bazarı 347 milyon manat sığorta haqqı təmin edib ki, bu da ötən ilin analoji period ilə müqayisədə 34% çoxdur. Müvafiq böyümə tendensiyası sığorta ödənişlərində də müşahidə olunur. Belə ki, haqqında danışdığımız dövr ərzində baş vermiş hadisələrə görə 102 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.

Qeyd olunan dövr üzrə yığımlarda aktiv rol oynayan sığorta növlərindən biri və hətta deyərdim birincisi həyatın yaşam sığortası növüdür. Bu sığorta növü bütün dövlərdə yığımlarının çoxluğu ilə fərqlənib və yerli bazar üçün daim lokomotiv rolunu oynayıb. Müvafiq dövr ərzində həyatın yaşam sığortası üzrə 123.8 milyon manat sığorta haqqı təmin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.2 milyon manat çoxdur”, - deyə ASA rəhbəri bildirib. 

E.Mirsalayev deyib ki, həyatın yaşam sığortası könüllü növ olmasına baxmayaraq bu sığorta növü kifayət qədər populyardır: “İstər icbari, istərsə də könüllü olan bu və digər sığorta növlərinin daha geniş əhali kütləsinə çatdırılması, tanıdılması və təbliği məqsədilə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu memorandum imzalayıb. “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə ərazisində həm risk fərqindəliyinin yaradılması, həm əhalinin sığorta məlumatlılığının genişləndirilməsi, həm də əhalidə qarşısıalınma tədbirlərinə həssas yanaşmanın formalaşdırılması məqsədilə artıq üçünçü ildir ki, geniş tədbirlər görülür və aktiv iş aparılır. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün yerli sığorta bazarında davamlı böyümə təmin olunub. Hesab edirəm ki, bu gün apardığımız və uzunmüddətli perspektiv üçün hesablanmış bu maarifləndirmə işləri qarşıdakı zamanlarda da öz uğurlu nəticələrini daha aktiv göstərəcək.

Sığorta bazarının bugünkü vəziyyəti qaneedicidirmi?

ASA rəhbəri bildirib ki, bu gün yerli sığorta bazarı davamlı və dayanıqlı şəkildə inkişaf edir, çünki sığorta bazarımız bu gün yeni inkişaf mərhələsindədir: “Bildiyiniz kimi, artıq 2020-ci ildən etibarən sığorta sektoruna nəzarət orqanı Azərbaycan Mərkəzi Bankıdır. Danılmaz faktdır ki, bu gün Mərkəzi Bank sektorun fundamental inkişafının təmin olunması məqsədilə bir sıra problemlərin həllinə nail olub. Requlyatorun sektorda təkamülün təmin olunması məqsədilə stimullaşdırıcı addımlarını xüsusi qeyd etmək lazımdır. Bir məqama da diqqət çəkmək istəyirəm. Maraqlı məqam ondan ibarətdir ki, yuxarıda sadaladığım tədbirlərdə beynəlxalq trendlərə əsaslanmaq başlıca prioritet olmuşdur. Bilavasitə Mərkəzi Bankın sığorta sektorunda apardığı sağlamlaşdırma və dayanıqlı inkişafın təmin olunması tədbirləri sırasında biz Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə risk əmsallarının tətbiqi ilə ədalətlilik prinsipinin bərqərar edilməsini, adı çəkilən növ üzrə zərərlərin birbaşa tənzimlənməsi mexanizminin tətbiqi ilə vətəndaşların rahatlığının təmin olunmasını, müxtəlif sığorta növləri üzrə proseslərin elektronlaşdırılması ilə vətəndaşların sığortaya əlçatanlığının təşkil olunmasını və digər bu kimi mütərəqqi tədbirləri misal göstərə bilərik. Təbiidir ki, bütün bu proseslərdə biz sığorta bazarı iştirakçıları da dəstəkverici addımlarımızı əsirgəməmişik.

Onu da əlavə olaraq bildirmək istəyirəm ki, bu gün Azərbaycan sığorta sektoru kifayət qədər təkmil qanunvericilik bazasına sahibdir. Bazarın böyüklüyü qənaətbəxş olsa da biz bununla kifayətlənə bilmərik. Çünki sığorta bazarımızın böyük potensialı var. Bu potensiala tam nail ola bilmək üçün istər Mərkəzi Bank, istərsə də digər sığorta iştirakçıları tərəfindən əsaslı tədbirlər davam etdirilir”.

Azərbaycanın sığorta sektoru necə qiymətləndirilir?

“Sevinc hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlarla da qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinə sahibik. İstər Dünya Bankı, Asiya İnkişaf Bankı, istərsə də “S&P Global Ratings” agentliyi, o cümlədən “Grant Thornton”, “McKinsey & Company” təşkilatları ilə sıx əlaqədəyik və mütəmadi olaraq onlarla görüşlər təşkil edir, beynəlxalq trendlərlə yaxından tanış oluruq.

Bundan əlavə olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının Türkiyə Sığorta Birliyi, Ümumrusiya Sığortaçılar İttifaqı ilə qarşılıqlı əməkdaşlığa dair memorandumları var və bu istiqamətdə əməkdaşlıqlar səmərəli əsaslarla aparılır. Bir sevindirici məqam da ondan ibarətdir ki, Assosiasiyamız nüfuzlu beynəlxalq sığorta təşkilatları olan Qlobal Sığorta Assosiasiyaları Federasiyasının və “Insurance Europe”un üzvüdür.

Yuxarıda adları sadalanan beynəlxalq qurumların yerli sığorta bazarımızın hazırkı vəziyyəti ilə bağlı fikir və yanaşmaları qənaətbəxşdir. Çünki yerli sığorta sektorumuz bəzi elə üstünlüklərə sahibdir ki, bununla da o, inkişaf etmiş bir qisim ölkələrin sığorta bazarlarını qabaqlayır. Bu mənada biz ölkəmizdə avto-icbari sığorta üzrə penetrasiyanın 100%-ə çatmış olması, o cümlədən həyatın yaşam sığortası növünün könüllü olmasına baxmayaraq, ən çox maraq duyulan növlərdən birinə çevrilmiş olması və digər bu kimi reallıqları misal göstərə bilərik”, -deyə E.Mirsalayev bildirib.

“Bu sığorta bazarda ən sərfəli və uzunmüddətli investisiya alətlərindən biridir”

“Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri, həyatım yaşam sığortası üzrə tanınmış ekspert Uğur İbrahimli bildirib ki, sığorta penetrasiyasının aşağı səviyyədə olması təkcə Azərbaycan sığorta bazarında yox, deyərdim ki, bütün post-sovet ölkələrində mövcud olan problemdir.

Ekspert bildirib ki, 2022-ci il üzrə sığorta növləri üzrə Mərkəzi Bankın açıqladığı məlumatlara nəzər yetirsək sığorta bazarı üzrə bütün sığorta məhsulları üzrə 970 milyon manat sığorta haqqı yığılıbsa, bu rəqəmin təqribən 41 %-i məhz həyatın yaşam sığortasının payına düşür: “Bu gün Azərbaycan sığorta bazarının aparıcı məhsullarından birincisi məhz həyatın yaşam sığortasıdır. Bir neçə həyat sığorta şirkətində məhsulu tam olaraq elektron formada əldə etmək mümkündür.

Əhalinin həyatın yaşam sığortası məhsulu barədə daha geniş məlumat əldə etməsi üçün isə sığorta biliklərinin artırılmasına, maarifləndirməyə, əhalidə risk və onun sığortaya ötürülməsi mexanizmini başa düşməyə ehtiyac var. Məhz bu səbəbdəndir ki, Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosu artıq neçə müddətdir ki, kütləvi maarifləndirmə tədbirləri həyata keçirir.

Qanunvericilikdə müəyyən edilmiş güzəştlər həyatın yaşam sığortası məhsulunu kifayət qədər maraqlı edir və sığorta haqqlarının növbəti illərdə də artacağını ehtimal etmək olar: “Rəqəmlərdən də göründüyü kimi həyatın yaşam sığortası ölkə sığorta sektorunda ciddi paya sahibdir. Deyərdim ki, bu gün üçün bazarda ən sərfəli və uzunmüddətli investisiya alətlərindən biridir.

Həyatın yaşam sığortasına qoşulmaqla vətəndaş:

 - Qanunvericilikdə nəzərdə tutulmuş güzəştlərdən faydalanaraq 50%-ə qədər əlavə gəlir əldə edir

 - Pulla düzgün rəftar etməyi və qənaət etməyi öyrənir, gələcək planlarını reallaşdırmaq üçün yaxşı imkanlar əldə edir. Bura yığılmış pulu 3 ilin sonunda övladının xaricdə təhsil haqqını ödəmək, avtomobil almaq və ya ipoteka ilə mənzil alan zaman ilkin ödənişi üçün vəsait kimi istifadə etməyi misal göstərmək olar və ya şəxs yığdığı pulla xarici ölkələri səyahət etmək imkanı eldə edir, bəziləri hətta sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilkin sərmayə kimi də istifadə edirlər.

- Digər əsas üstünlük isə şəxs öz həyatını xoşagəlməz hallara qarşı sığortalamaqla öz ailəsinin gələcəyini maddi təminat altına almış olur.

Əhalidə sığorta biliklərinin azlığı deyərdim ki, inkişafa mane olan ən əsas səbəblərdən biridir. Lakin mütləq şəkildə qeyd etmək lazımdır ki, əhali gəlirlərinin səviyyəsinin də sığorta sektorunun inkişafına birbaşa təsiri var.

Ramid İbrahimov 

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026