Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.
Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.
15:16
Gəncədə avtobusun aşması ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.
Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.
***
Gəncədə sərnişin avtobusu çuxura düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı dərəyə düşüb. Hadisə nəticəsində xəsarət alanlar var.
Qeyd edək ki, sərnişin avtobusunun aşdığı ərazidə bir müddət əvvəl yaşayış binası inşa olunurdu.















