Misli Premyer Liqasının 32-ci turunda baş tutan "Şamaxı" - "Turan Tovuz" matçından (3:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma barədə təəssüratlarını bölüşüb, daha sonra komandadakı çatışmazlıqlardan və transfer planlarından danışıb.
Oyunun gedişatını dəyərləndirən Kurban Berdıyev futbolçularının ilk yarıdakı performansından narazı qaldığını gizlətməyib:
"İlk hissədə yaxşı oynamadıq. Hakim barədə sual verməyin, bu haqda danışmayacağam. İkinci hissədə isə daha aqressiv çıxış etdik və hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüf ki, sonradan yenə qol buraxdıq".
Baş məşqçi komandanın avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etməsinin oyunçularda müəyyən arxayınlıq yaratdığını etiraf edib:
"Bunun müəyyən mənada təsiri oldu. Çünki ilk hissədə aşkar diqqətsizlik var idi. Buna baxmayaraq, ikinci hissədəki oyuna görə futbolçulara təşəkkür etdim, gedişatı dəyişə bildik. Əlbəttə, sonda o qolu buraxmasaydıq, hər şey daha yaxşı olardı".
Müdafiə xəttinin epizodlara gec reaksiya verməsi ilə bağlı tənqidlərlə razılaşan mütəxəssis, hər iki komandanın aqressiv oynamasının səbəbini hakimliklə əlaqələndirib:
"İlk hissədəki oyunumuza görə bu iradla razılaşmaq olar. Amma rəqib futbolçular da çox aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra bu çatışmazlıqları aradan qaldıra bildik. İki komandanın da bu qədər aqressiv olmasına gəlincə, hər şey hakimliyə görə belə oldu".
Sonda gələcək planlar və transfer pəncərəsi barədə danışan K.Berdıyev rəhbərliklə danışıqların gedişatını açıqlayıb:
"Yeni oyunçuların cəlb olunması istiqamətində axtarışlarımız davam edir, hələ ki yekun nəticə yoxdur. Neçə transfer ediləcəyi ilə bağlı rəhbərliklə danışmışıq. Hər şey tapacağımız keyfiyyətli oyunçuların sayından asılı olacaq".
Bakı 




