Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda İranın Hörmüz boğazını bağlama ehtimalı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Parlament səviyyəsində bu məsələ ilə bağlı hüquqi mərhələlərin artıq tamamlanması vəziyyətin ciddiliyini artırır.
Hörmüz boğazı dünya enerji bazarında həyati tranzit nöqtələrindən biri hesab olunur. Qlobal neft və qaz nəqliyyatının təxminən üçdə biri məhz bu boğaz üzərindən həyata keçirilir. Ona görə də, boğazın bağlanması təkcə regional təhlükəsizlik baxımından deyil, həm də dünya iqtisadi sabitliyi üçün ciddi risklər yarada bilər. Məsələnin həssaslığı ondadır ki, belə bir addım yalnız Qərb dövlətlərinin deyil, həm də İranla iqtisadi və strateji əməkdaşlıq edən ölkələrin, o cümlədən Çin və bəzi ərəb dövlətlərinin də maraqlarına toxuna bilər.
Bu fon qarşısında əsas sual ortaya çıxır:
Hörmüz boğazının bağlanması halında beynəlxalq enerji tədarük zəncirinə vurulacaq zərər İranın regional və qlobal münasibətlərinə necə təsir edə bilər? Bu addım Tehranın yeni düşmənlər qazanması ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Hörmüz boğazının bağlanması məsələsində İran artıq bir mərhələni keçib və bildiyimə görə, parlament səviyyəsində bununla bağlı qərar da qəbul olunub. Əgər Tehran bu addımı tam şəkildə reallaşdırarsa, bu, fəlakətli nəticələrə yol aça bilər. Xüsusilə də neftin çıxarılması, istehsalı və daşınması baxımından Hörmüz boğazının dünya bazarında çox böyük payı var:
"Mən iqtisadçı olmasam da, siyasi müstəvidə bu cür addımın dünya iqtisadiyyatına ciddi təsir göstərə biləcəyini düşünürəm. Bu, təkcə neft bazarına zərbə deyil, həm də qlobal enerji təhlükəsizliyi üçün bir təhdiddir. Belə bir vəziyyətdə ABŞ başda olmaqla digər beynəlxalq güclərin məsələyə qarşı çox sərt reaksiya verəcəyi ehtimal olunur".
Mübariz Göyüşlü, siyasi şərhçi
Onun sözlərinə görə, eyni zamanda, İranın bu addımı onun öz yaxın tərəfdaşı hesab olunan Çin üçün də problem yarada bilər. Çünki Çin enerji tədarükündə məhz Hörmüz boğazına böyük ölçüdə bağlıdır. Eyni məntiq ərəb dövlətlərinə də aiddir - bu regionda yerləşən ölkələrin iqtisadi və təhlükəsizlik maraqları da bu boğazla birbaşa əlaqəlidir. Məhz buna görə də, belə bir addım Tehrana yeni düşmənlər qazandıra, mövcud münasibətlər sistemini daha da çətinləşdirə bilər. Hazırda İrana qarşı neytral və ya loyal mövqe sərgiləyən dövlətlər belə bu situasiyada mövqelərini dəyişə, hətta İrana qarşı bir cəbhədə birləşə bilərlər. Bu isə İranın diplomatik və strateji vəziyyətini daha da ağırlaşdırar:
"Düşünürəm ki, əgər İran hakimiyyəti situasiyanı düzgün qiymətləndirərsə və ağıllı davranış sərgiləyərsə, bu addımı atmaqdan çəkinməlidir. Əks halda, gərginliklərin artması və yeni qarşıdurmaların yaranması qaçılmaz olacaq. Əgər məqsəd bölgədə müharibə və xaosun dərinləşməsidirsə, o zaman Hörmüz boğazının bağlanması bu planın bir hissəsinə çevrilə bilər".
Əli Hüseynov