Fövqəladə Hallar Nazirliyi (FHN) Ucarda baş verən qəza ilə bağlı məlumat yayıb.
Bakıvaxtı.az nazirliyin saytına istinadən bildiri ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunun Bərgüşad kəndində “Opel” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı minik avtomobili yol kənarındakı dərəyə aşıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
08:40
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki. hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər 2 avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb.
İkisi azyaşlı olmaqla 5 nəfər - Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2011-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.
Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-ın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

















