Türk Dövlətləri Təşkilatı (TDT) böyük potensiala malikdir və gələcəkdə beynəlxalq arenada mühüm qlobal iştirakçılardan birinə çevriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan həmişə təşkilatın gücləndirilməsinə sadiq olub:
“Türk Dövlətləri Təşkilatı əvvəlcə məşvərətçi qrup, sonra ölkələr birliyi kimi fəaliyyətə başladı və sonradan transformasiya edərək bugünkü səviyyəyə yüksəldi. Bu qurumun gücü həm ortaq köklərimizdən, həm də artan iqtisadi və siyasi imkanlarımızdan qaynaqlanır”.
Prezident vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri xüsusi müttəfiqlik statusuna malikdir:
“2021-ci ildə Şuşada imzalanmış Bəyannamə bizi hərbi və siyasi müttəfiqlərə çevirdi. Bu sənəd təkcə iki ölkə üçün deyil, bütün türk dünyası üçün mühüm hüquqi əsasdır. Keçən il isə biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Digər üzvlərlə də strateji tərəfdaşlıq müqavilələrimiz mövcuddur”.
Ölkələrin artan əhalisi, iqtisadi inkişafı və təbii sərvətləri birlik üçün üstünlük kimi dəyərləndirən Prezident Əliyev həmçinin təşkilat daxilindəki sabitlik və dost münasibətlərin nadir nümunə olduğunu qeyd edib:
“Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür. Azərbaycan Ordusu isə öz gücünü döyüş meydanında göstərdi. Logistika baxımından isə bizim ərazilərdən yan keçmək mümkün deyil. Ən əsası, təşkilatın bütün üzvləri arasında sabitlik və dostluq mövcuddur”.
Prezident bildirib ki, TDT-nin gələcək inkişafı konkret layihələr, investisiyalar, enerji, nəqliyyat və mədəniyyət sahəsində əməkdaşlıqla möhkəmlənməlidir:
“Mən bu təşkilatı gələcəkdə qlobal oyunçu kimi görürəm. Məqsədimiz təkcə daxili məsələlərlə məşğul olmaq deyil, beynəlxalq arenada da sabitləşdirici və müsbət rol oynamaqdır. Biz böyük coğrafiyada heç kimə təhlükə yaratmayan, əksinə, fürsətlər təqdim edən güclü birliyə çevriləcəyik”.
Əli Hüseynov