q
  • Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi - FOTO

SİYASƏT

28 Aprel 2026 | 14:22

İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.


SON XƏBƏRLƏR