İran lazım olduğu halda müxtəlif səviyyələrdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müdirləri ilə danışıqlar apara bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda İranın Vyanadakı nümayəndəliyinin AEBA ilə birbaşa əlaqəsi vardır və İranla AEBa arasında təmaslar davam edir.
Bəqayi bildirib ki, İran AEBA-nın üzvüdür və bu baxımdan danışıqlar üçün hər hansı problem ola bilməz.
“İranla AEBA arasında əməkdaşlıq üçün yeni bir metodun formalaşmasına gəlincə, bu məsələ haqda fikir mübadiləsi aparılmalıdır. Qeyd etmək yerinə düşər ki, hazırda İranın AEBA ilə qarşılıqlı əməkdaşlığının əsasını İran parlamentinin qəbul etdiyi qanun təşkil edir. Bu qanun İranın AEBA ilə əməkdaşlığının formatını, çərçivəsini çox aydın şəkildə müəyyənləşdirib”, - deyə o qeyd edib.
Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının digər qətnamələrini bərpa edib.
Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.
Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.
2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər./Trend
Bakı 



