“İranda qarşıdurmaların olacağı gözlənilən idi. Çünki ötən ilin sentyabrın 16-dan başlayan qarşıdurmada əsas hədəfdə məhz Əli Xamenei idi".
Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Əli Xamenei İranın islamını fundamental səviyyəyə salıb: "Əslində Xameneinin vaxtından bu səviyyəyə düşüb. İranın molla rejimi başqa cür düşünə də bilmir. Ona görə də cəmiyyət öz etirazlarını göstərmək üçün Əli Xameneinin ətrafına daha çox diqqət etdilər və ən yaxın adamlarından birinin də öldürülməsi təsadüfi deyil”.
C.Nuriyev qeyd edib ki, bunda öncə həm "Sepah"ın, həm digər hərbi qurumların vəzifəli şəxsləri öldürülmüşdü: “Növbəti güllələnmə, sui-qəsd də elə-belə deyil, həmin videonun paylaşılması da elə-belə deyil. Xüsusilə İranda belucilərlə Xameneinin arasında münasibət kifayət qədər gərginləşib. İranın siyasi elitasında parçalanma var. Artıq İranın keçmiş prezidenti Ruhani özü belə Əli Xameneinin əleyhinə çıxdı. Ruhani daha çox İranda qadınlara azadlıq verilməsini istədi və bunu daha çox İslam dini ilə bağladı".
Müsahibimizə görə, görünən odur ki, İranın siyasi elitası yox, molla elitasında da çox ciddi parcalanmalar meydana gəlib: "Əli Xameneinin nəvəsinin Amerikada, Kanadada çoxsaylı şəkilləri paylaşıldı, açıq-saçıq geyimləri, bahalı restoranlardan hamı başa düşdü ki, Xamenei ancaq İran daxilində camaata zülm edir, öz ailəsi bura daxil deyil. Ona görə də İranda elita parçalanıb və inanmıram ki, bundan sonra onlar bir araya gəlsinlər. İranda artıq siyasi inqilab görürəm, İranda hakimiyyət dəyişikliyi görürəm, sentyabr ayına - hadisələrin başladığı vaxta qədər İranda hakimiyyətin dəyişmə ehtimalı çox yüksəkdir”.
Ramid İbrahimov


jpg-1682762091.jpg)













