• Bakı 27° C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

İranda prezident seçkisi: “Bu, gözdən pərdə asmaq üçündür, çünki…”

SİYASƏT

11 Iyun 2024 | 16:54

İranda prezident seçkisi: “Bu, gözdən pərdə asmaq üçündür, çünki…”

İranda prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası başlayıb. Bildirilib ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən 6 namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib. Bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq. İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək. Seçki üçün qeydiyyat iyunun 3-də başa çatıb və 80-dən çox namizəd səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək. Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri həyatını itirib. İran Konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.

İrandakı seçki prosesini "Bakivaxti.az"a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, cənub qonşumuzda nəyinsə dəyişəcəyinə ümid bəsləmək sadəlövhlükdür. 

Ekspert vurğulayıb ki, xüsusi Şuranın namizədləri ələməsi, sadəcə "təhlükəsiz" hesab etdikləri 6 namizədi seçkiyə buraxması da göstərir ki, İranda prezidentlik postu uğrunda mübarizə yuxarıdan idarə olunur: 

"İranda prezident seçkilərinə buraxılan namizədlər barədə dini rəhbər rəy verməlidir. 70-dən çox insanın hüquqlarını tapdayaraq, heç bir səbəb olmadan onlara "yox" deyildi. Seçkiyə hazırlıq prosesi, namizədlərin qeydiyyatı hamısı gözdən pərdə asmaq üçündür. İran demokratik prosedurlara, sivil qayda-qanunlara heç zaman əməl etməyib. Hətta görüntü üçün olsa belə qadın namizədləri seçkiyə buraxmadı. Tam radikal addımlar ataraq teokratik ölkə olduğunu bir daha sübut etdi. Belə ölkədə demokratik seçkinin keçirilməsi qeyri-mümkündür. İran biabırçı bir ölkədir. Seçkilər ümumxalq səsverməsi ilə olmalıdır, dövlətin başında duran şəxsi xalqın əksəriyyəti seçməlidir. Amma İrandakı rejim buna imkan vermir. Etirazlara rəğmən, getdikdə daha sərt, radikal qərarlar alır. Prezident postunda kimin, hansı şəxsin olacağı heç bir əhəmiyyət kəsb etmir. Çünki həmin adam seçki yox, təyinetmə yolu başa gətilir. İranda söz sahibi, siyasi kursu, xarici siyasəti müəyyənləşdirən dini rəhbərdir".


SON XƏBƏRLƏR