• Bakı C

    6.33 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

İrandan təhlükəli addım: Dron hücumu təsadüf ola bilmzədi

SİYASƏT

06 Mart 2026 | 12:15

İrandan təhlükəli addım: Dron hücumu təsadüf ola bilmzədi

Xəbər verdiyimiz kimi, dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, hadisələr artıq kritik nöqtəyə doğru yön alır və bu, heç də yaxşı hal deyil. Onun sözlərinə görə, bunun səbəbkarı və günahkarı isə İrandır:

“Çünki biz İrana qarşı belə bir addımı heç vaxt atmamışıq, atmarıq və atmayacağıq. Düzdür, heç nəyi tam istisna etmək olmaz. Əgər İran çalışsa ki, bölgədə vəziyyəti gərginləşdirsin və Azərbaycanla münasibətlərdə yeni bir qaynar, odlu səhifə açsın, əlbəttə, heç nəyi istisna etmək olmaz”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan belə bir davranışı gözləmirdi və buna layiq deyil:

“Nəyə görə İran tərəfi belə bir addıma əl atır? Necə olur ki, birdən-birə iki uçan, dağıdıcı aparat Naxçıvan aeroportu istiqamətinə gəlir? Bu, bir mesajdır. Həqiqətən də bunu təsadüf saymaq olmaz. Hətta İran tərəfi belə desə ki, bu, təsadüfdür, iki aparatın birdən-birə burada peyda olması təsadüf kimi qəbul edilə bilməz”.

Politoloq vurğulayıb ki, söhbət strateji obyektdən gedir:

“Nəyə görə siz başqa bir dövlətin strateji obyektini hədəfə alırsınız? Bununla nə demək istəyirsiniz? Orada amerikalılar və ya israillilər yox, azərbaycanlılar var. Sizin soydaşlarınız, qonşularınız, eyni dinə mənsub insanlar yaşayır. Bizi birləşdirən o qədər tellər var ki, bu hadisənin fonunda onlara baxanda insan düşünür: axı, siz niyə düz yerdə problem yaradırsınız? Biz heç vaxt sizə qarşı belə bir addım atmamışıq”.

Tofiq Abbasov: İran tərəfi üzr istəməli, vurulmuş zərərin ödənişini etməlidir

T.Abbasov əlavə edib ki, bizim İrana qarşı heç bir iddiamız yoxdur:

“Dəfələrlə demişik ki, Tehranla münasibətləri gərgin olan ölkələrə öz ərazimizdən heç vaxt hücum təşkil olunmasına və ya xoşagəlməz hadisə baş verməsinə icazə vermərik. Odur ki, baş verənləri nəzərdən keçirəndə görürük ki, İranda həqiqətən də Azərbaycanı özlərinə düşmən sayan qüvvələr var. Bunlar dini qüvvələr, İslam keşikçiləri sıralarından və ya başqa dairələr də ola bilər. Bu o qədər də əsas məsələ deyil. Əsas məsələ odur ki, onlar düz yerdə özlərinə düşmən axtarıb tapmaqla özlərini çətin vəziyyətə salırlar”.

Analitik onu da qeyd edib ki, İran demək olar, bütün dünyanın adını özünə qarşı qaldırıb:

“Belə şey olmaz. Hər atılan addımın bir səbəbi olmalıdır. Bəs bu addımın səbəbi nədir? Nəyə görə belə bir addım atılıb? Danışırsınız, amma konkret bir izah vermirsiniz. İndi, təbii, İran tərəfi çalışacaq ki, özünə hansısa bəraət qazandırsın, bunu əsaslandırmağa cəhd etsin. Amma bu, elə bir vəziyyətdir ki, buna heç cür bəraət qazandırmaq mümkün olmayacaq. Bu, çox ciddi bir insidentdir. İran tərəfi həm üzr istəməlidir, həm vurulmuş zərərin ödənişini etməlidir və gələcəkdə elə bir mövqe tutmalıdır ki, belə hadisələr bir daha təkrarlanmasın”.

Aynur Babazadə


SON XƏBƏRLƏR