Ermənistan bu həftənin bazar günü növbəti parlament seçkisinə gedir. Bu seçki yalnız hakimiyyət uğrunda daxili siyasi mübarizə kimi deyil, ölkənin gələcək təhlükəsizlik modelinin müəyyənləşəcəyi kritik mərhələ kimi qiymətləndirilməlidir.
Bu seçkilər 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra Ermənistanda keçirilən ilk parlament seçkiləri olacaq. Bu baxımdan seçki kampaniyası təkcə sosial-iqtisadi və daxili siyasi gündəm üzərində deyil, həm də “Ermənistan bundan sonra hansı geosiyasi xətt üzrə hərəkət etməlidir” sualı ətrafında formalaşır.
Hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçkiyə daha çox sülh, müstəqillik və Qərblə inteqrasiya ritorikası ilə gedir. Paşinyan seçki kampaniyasında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, regional kommunikasiyaların açılmasını və Ermənistanın daha müstəqil xarici siyasət yürütməsini əsas xətt kimi təqdim edir. Onun əsas arqumenti budur ki, Ermənistanın keçmiş təhlükəsizlik modeli ölkəni qorumağa yetmədi və ölkə artıq yalnız Rusiyaya bağlı sistem üzərində gələcəyini qura bilməz.
Müxalifət isə tam fərqli mövqedən çıxış edir. Robert Köçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Gagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” bloku Nikol Paşinyanı Qarabağ müharibəsində məğlubiyyətə görə hədəfə alır. Bu siyasi qüvvələrin ritorikasında Rusiya ilə münasibətlərin bərpası, Azərbaycanla daha sərt danışıq xətti və Qarabağdan köçmüş ermənilərin məsələsinin yenidən gündəmə gətirilməsi əsas yer tutur. Lakin müxalifətin əsas problemi vahid siyasi platforma yarada bilməməsidir. Bu parçalanma Paşinyanın seçki imkanlarını artıran mühüm amillərdən biridir.
Seçkilərin ən mühüm tərəfi Ermənistanın Rusiya ilə Qərb arasında daha açıq rəqabət meydanına çevrilməsidir. Moskva Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını öz təsir zonasından uzaqlaşma kimi qəbul edir. Reuters-in məlumatına görə, Rusiya Ermənistanın Aİ xəttini davam etdirməsi halında ucuz enerji, qaz və digər iqtisadi imtiyazlarla bağlı təzyiq mexanizmlərindən istifadə edə biləcəyini gündəmə gətirib. Ermənistan 2025-ci ildə qazının böyük hissəsini Rusiyadan alıb və Rusiya ölkənin xarici ticarətində ciddi paya malikdir. Bu isə Moskvanın iqtisadi təsir imkanlarının hələ də güclü olduğunu göstərir.
Digər tərəfdən, ABŞ və Avropa İttifaqı Ermənistanı Cənubi Qafqazda yeni tərəfdaş kimi görməyə çalışır. ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalaması, TRIPP marşrutu ilə bağlı razılaşmalar və Avropa İttifaqının Ermənistandakı fəallığı göstərir ki, Qərb bu seçkilərə yalnız daxili siyasi proses kimi baxmır. Bu mənada Ermənistan seçkiləri həm də Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalması, ABŞ və Aİ-nin isə bölgəyə daha fəal daxil olması baxımından əhəmiyyətlidir.
Azərbaycan üçün bu seçkilərin əsas əhəmiyyəti sülh prosesinin gələcəyi ilə bağlıdır. Bakı üçün əsas məsələ Ermənistanda hakimiyyətə kimin gəlməsindən daha çox, həmin qüvvənin Azərbaycanla sülh gündəliyinə münasibətidir. Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasını, sərhədlərin müəyyənləşdirilməsini, kommunikasiyaların açılmasını və yekun sülh sazişinin imzalanmasını gözləyir. Bu baxımdan Paşinyanın qalib gəlməsi sülh prosesinin davamı üçün daha real variant kimi görünür. Lakin onun Qərblə, xüsusilə Fransa ilə yaxınlaşması Bakıda ehtiyatla izlənilir.
Nəticə etibarilə, Ermənistan seçkiləri yalnız parlamentdə yerlərin bölüşdürülməsi məsələsi deyil. Bu seçki Ermənistanın Rusiya orbitində qalacağı, Qərbə doğru daha sürətlə yönələcəyi, yoxsa Azərbaycan və Türkiyə ilə praqmatik regional əməkdaşlıq xəttini seçəcəyi sualına cavab verəcək. Əgər seçkidən sonra İrəvan revanşist ritorikaya deyil, real sülh və regional inteqrasiya siyasətinə üstünlük verərsə, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni imkanlar yarana bilər. Əks halda, Ermənistan yenidən böyük güclərin rəqabət meydanına çevrilə və regionda kövrək sülh prosesi ciddi risklərlə üzləşə bilər.
Züriyə Qarayeva
Bakı 




