• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Etibar Məmmədov Arzuxan Əlizadənin qərarlarına təsir edir?

SİYASƏT

02 Iyun 2026 | 13:58

Etibar Məmmədov Arzuxan Əlizadənin qərarlarına təsir edir?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov 2004-cü ildə qurumun sədrliyindən getsə də, fəxri lider statusunda qalır. AMİP-in sədri isə deputat Arzuxan Əlizadədir.

Bəzi məlumatlarda iddia olunur ki, Etibar Məmmədov Arzuxan Əlizadənin həm partiya, həm də parlementdə verdiyi qərarlara təsir göstərir. İddialar nə dərəcədə doğrudur?

Bakıvaxtı.az-ın xəbərinə görə, modern.az bu suala cavab tapmaq üçün AMİP sədri Arzuxan Əlizadə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, Etibar Məmmədov 2004-cü ildə siyasətdən getsə belə, mühüm məsələlərə reaksiya verir, mövqe irəli sürür:

“Etibar Məmmədov AMİP-in qurucusu və ilk sədridir,  eyni zamanda milli azadlıq hərəkatının önəmli liderlərindən biridir. Azərbaycanda müstəqilliyin bərpa olunmasında, milli azadlıq hərəkatında müstəsna xidmətləri olan insandır. Ondan sonrakı dövrdə də Etibar Məmmədovun xidmətləri kifayət qədər böyük olub.

Etibar bəy 2004-cü ildə partiya sədrliyindən istefa verib. Amma 22 il keçməsinə baxmayaraq, nə qədər siyasətdən kənarda olsa da, Etibar bəy yenə də siyasətin içərisindədir. Mühüm məqamlarda, xüsusilə də dövlət və milli maraqların müdafiəsi zamanı Etibar Məmmədov dərhal reaksiya verib, rəsmi mövqeyini bildirib.

Onun partiyada qoyduğu bir ənənə var: dövlət və milli maraqlar partiya və şəxsi maraqlardan daha öndədir. Biz də o ənənəyə sadiq olaraq yolumuza davam edirik. AMİP ayaqdadır, ölkənin ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi təşkilatı olaraq bu gün də bütün proseslərdə öndə getməyə çalışırıq və gedirik də.

Bunu tam məsuliyyətlə deyirəm ki, bəlkə də, barmaqla sayılacaq partiyalardanıq. Bütün rayonları əhatə edən yerli təşkilatlarımız mövcuddur. Çox əhatəli beynəlxalq təşkilatlarda təmsilçilik baxımından da AMİP müqayisə olunmayacaq dərəcədə üstün mövqedədir.

Etibar bəy o vaxt istefa verəndə gənclərə yol açdığını demişdi. Onda biz gənc idik. İndi də biz gəncləri o istiqamətdə yönləndiririk.

Partiya sədri məsuliyyətini üzərimə götürəndə mövqeyim ondan ibarət olub ki, kollegial idarəetmə üsuluna önəm verək. Təbii ki, sədr olaraq hansısa məsələdə qərar vermək lazım olanda bunu edirəm. Çalışırıq ki, partiyanı elə idarə edək ki, üzvlərimizin mövqeyi tam əhatə olunsun, eyni zamanda dövlətimizin, millətimizin maraqları hər zaman qorunsun. Şükürlər olsun ki, bu cür davam edirik”.

A.Əlizadə Etibar Məmmədovun partiya qərarlarına heç bir müdaxilə etmədiyini söyləyib:

“Tam məsuliyyətlə deyirəm ki, Etibar Məmmədov heç vaxt partiyada hər hansı qərarın verilməsinə müdaxilə etməyib. Bizim kollegial təşkilatlarımız – Siyasi Şuramız, Ali Məclisimiz var. Məsələləri müzakirə edərək yekun qərar veririk. Partiya sədri olaraq, öz səlahiyyətlərim çərçivəsində olan məsələlərə dair birbaşa qərar verirəm. Çünki partiya üzvləri və qurultay tərəfindən bu səlahiyyətlər mənə verilib.

Təbii ki, Etibar Məmmədov çox böyük siyasi təcrübəyə malik şəxsiyyətdir. Və lazım gələndə biz onunla müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi də apara bilərik. Hansısa məsələni müzakirə edib, onun məsləhətindən də yararlanırıq. Bu, Etibar bəyin hansısa məsələyə konkret müdaxilə etdiyi anlamına gəlmir. O, özü də bunu dəfələrlə bildirib. Qərarların verilməsinə, bir daha deyirəm ki, o, heç vaxt müdaxilə etməyib.

Partiya və onun sədri olaraq, qərarlarımızın verilməsində tam olaraq müstəqil və sərbəstik”.

AMİP sədri parlament məsələləri ilə bağlı Etibar Məmmədovun fikirlərinin əsas rol oynayıb-oynamadığı barədə isə bunları deyib:

“Parlament məsələlərində də mən özüm mövqe sərgiləyirəm. Ola bilər ki, bəzi məsələlərlə bağlı partiya çərçivəsində məsləhətləşib sonra mövqe bildirim.

Etibar bəy partiyanın fəxri lideridir. Bu, bütün dünyada qəbul edilmiş formatdır. Özü də verdiyi müsahibələrində dəfələrlə bildirib ki, partiya rəhbərlikdə olan şəxslər və partiya strukturları tərəfindən idarə olunur. Etibar bəyin verilmiş qərarlara müdaxiləsi heç vaxt olmur”.


SON XƏBƏRLƏR

01 Iyun 2026