Xəbər verdiyimiz kimi, Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.
Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.
Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.
İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.
İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İsrail-HƏMAS atəşkəsinə görə, İsrailin baş naziri Benyamin Netanyahu təkcə ABŞ-nin yeni prezidenti Donald Trampa deyil, indiki prezident Co Baydenə də təşəkkürünü bildirib.
Ekspertin sözlərinə görə, bu da ondan xəbər verir ki, atəşkəs də Bayden administrasiyasının da müəyyən rolu olub:
"Hər halda Bayden administrasiyası dönəmində saziş əldə olundu. O baxımdan Netanyahunun Baydenə minnətdarlığı başadüşüləndir”.
İlqar Vəlizadə: Tramp çalışacaq ki, atəşkəs rejimi davamlı olsun və son nəticədə siyasi qərarlar əldə edilsin
Müsahibimiz qeyd edib ki, atəşkəsin sazişinin davamlı olub-olmayacağını zaman göstərəcək:
“Amma kövrəklik var və müəyyən təhdidlərlə üzləşəcəyi şübhəsizdir. Dəfələrlə olub ki, belə sazişlər əldə olunsa da, çox həssas olub və uzun müddət davam etməyib. Ancaq görünən odur ki, ABŞ-nin yeni administrasiyası, yəni Tramp çalışacaq ki, atəşkəs rejimi davamlı olsun və son nəticədə siyasi qərarlar əldə edilsin”.
İ.Vəlizadə bildirib ki, Qəzzanın idarə olunması ilə bağlı yekun siyasi qərarın olması çox vacibdir:
“Çünki Qəzzanın gələcəyi əsas müzakirə predmetidir və bu gələcəyi Tramp administrasiyası Netanyahu və Yaxın Şərqdəki tərəfdaşları ilə birlikdə həll etməli olacaq".
Aydın Baxış