• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İtirən Fransa olacaq: Makron münasibətləri pozmaq üçün əlindən gələni edir

SİYASƏT

25 Aprel 2024 | 16:40

İtirən Fransa olacaq: Makron münasibətləri pozmaq üçün əlindən gələni edir

"Fransanın Azərbaycana qarşı atdığı addımların heç bir obyektiv səbəbi yoxdur. Son illər Fransa hakimiyyətinin yeritdiyi siyasət daha çox subyektiv amillərlə bağlıdır".

Bu sözləri politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, böyük dövlətçilik tarixi olan, böyük dövlət xadimləri yetişdirən Fransaya dünyada ciddi siyasətçi kimi sayılmayan Emanuel Makron rəhbərlik edir:

"Bizim onun verdiyi bəyanatlara, söylədiyi yanlış fikirlərə səbrlə yanaşmağımıza, Fransa ilə münasibətləri qorumaq üçün hər şeyi etməyimizə baxmayaraq, çox təəssüf ki, Makron münasibətləri pozmaq üçün əlindən gələni edir. 44 günlük müharibə dövründə Azərbaycanı "Qarabağa qarşı" müharibə aparmaqda günahlandırdı. Bəyanat verdi ki, Azərbaycanın Qarabağa girməsini Fransa qəbul etməyəcək. Baxmayaraq ki, Azərbaycanın öz ərazisinə, Qarabağa girmə haqqı var idi. Ancaq Azərbaycan Prezidenti dəfələrlə elan etmişdi ki, məqsəd BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməkdir. Fransa sonrakı dövrlərdə də Azərbaycanı müxtəlif məsələlərdə günahlandırdı. Guya Azərbaycan müharibədə terrorçulardan istifadə edib. Dəfələrlə tələb olunmasına baxmayaraq, Paris heç bir sübut gətirə bilmədi. Buna baxmayaraq, Azərbaycan Fransa ilə münasibətləri düzəltmək üçün əlindən gələni etdi".

Abutalıb Səmədov, politoloq

Həmsöhbətimiz vurğulayıb ki, rəsmi Bakı hətta Fransanın Brüssel görüşləri ərəfəsində müəyyən danışıqlar aparmasına imkan verdi:

"Halbuki, Fransanın qeyri-obyektiv olması göz qabağında idi. Fransanın təşəbbüsü ilə yaradılan Avropa Siyasi Birliyinin sammitində Azərbaycan iştirak etdi. Fransa prezidentinin Praqa görüşündə iştirak etməsinə vasitəçi kimi iştirak etməsinə də etiraz etmədi. Moldova görüşünə də səs çıxartmadı. Hərçənd, Paris yenə də anti Azərbaycan bəyanatlarla çıxış etmiş, "biz Ermənistanın yanındayıq" demişdi. Gördük ki, Fransa prezidenti düzələn deyil. Ona görə də Qranada görüşündən imtina etdik və Fransanın vasitəçiliyini qəbul etmədik. Nəyə əsasən səfiri geri çağırıb? Fransa Azərbaycana hər cür böhtan atdı, amma biz səfirimizi geri çağırmaq barədə düşünmədik. Fransanın hərəkəti çox yersiz və əsassızdır. Güman edirəm ki, bunun nə qədər yanlış olduğunu Fransa hakimiyyətində dərk edənlər var. Əks halda daha çox itirən Fransa olacaq. Bölgənin lider dövləti Azərbaycandır. Azərbaycanla münasibətlər qurmadan, əməkdaşlıq etmədən bu bölgədə möhkəmlənmək çox çətindir".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 May 2024